Rəşad Məcid AYB ilə bağlı ittihamlara cavab verdi

6 İyun 2013 17:27 (UTC+04:00)

Azərbaycan Yazıçılar Birliyinin (AYB)  katibi Rəşad Məcidin "AYB-nin hazırda 1500-ə qədər üzv var, həmin üzvlərin 1300-ü istedadsız insanlardır" fikri AYB-dən istefa verən, eləcə də Birliyin digər üzvləri tərəfindən narazılıqla qarşılanıb. AYB üzvləri sosial şəbəkələrdəki profillərində, "istedadsız idiksə bizi AYB-ə üzv qəbul edib niyə təqaüd üçün təqdimatımızı verirdilər?" kimi statuslar yazırlar. AYB katibinin səsləndirdiyi fikirə narazılıq edənlərin bu sualını Movqe.az Rəşad Məcidə ünvanlayıb. AYB katibinin bu suala cavabı belə olub: "Orada obyektiv səbəblər olub. Mövcud qaydalara görə hər il 20 gəncə təqaüd ayrılmalıdır. Bu gənclər əvvəlki il təqaüd alan gənclər olmamalıdır. Ona görə də biz hər il 20 yeni azacıq da olsa istedadı olan gənc tapıb AYB-ə üzv qəbul edərik ki, onlara təqaüd verilsin. Axı mən də elə imkanda deyiləm ki, tapdığım 20 nəfərin hamısı dahi olsun. Azacıq yaradıcılıq qabiliyyəti olan gəncləri seçib AYB-ə üzv qəbul edirik, onlara imkanlar yaradırıq. Amma az keçməmiş onların bəziləri elə hesab edirlər ki, AYB-ə üzv qəbul ediliblərsə deməli bunların istedadı aşıb-daşır, Birlik üçün əhmiyyət kəsb edən insanlardır. Başlayırlar "ulduz xəstəliyi"nə tutulub əhəmiyyətli olduqlarını nümayiş etdirmək üçün müxtəlif fikirlər səsləndirməyə, AYB-dən istefa verməyə. Belələrinin AYB-dən uzaqlaşması müsbət haldır. Məndən olsa ümumiyyətlə bu cür istedadsız insanları AYB-dən kənarlaşdırıb Azərbaycan ədəbi mühitində özünəməxsus dəsti-xətti olan 150-200 nəfəri AYB üzvülüyündə saxlayaram. AYB-yə bu qədər istedadsız adamları yığmaqdansa, 150-200 sözün əsl mənasında yaradıcı şəxsləri saxlamaq daha məqsədəuyğun olardı".