Yunanıstana səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi Rövşən Muradov Yunanıstanın sabiq Xarici İşlər Naziri, millət vəkili Dora Bakoyannislə görüş keçirib. Görüşdə Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi müzakirə olunub. Mövqe.az-ın məlumatına görə, Dora Bakoyannis bu baxımdan mayın 6-8-də Bakıda keçirilən Cənubi Qafqaz Forumu çərçivəsində aparılan danışıqların əhəmiyyətin xüsusi vurğulayıb. Dora Bakoyannis Cənubi Qafqaz regionunun inkişafına böyük mənfi təsir göstərən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dünya ictimaiyyətinin daha aktiv fəaliyyət göstərməli olduğunu vurğulayıb və Yunanıstanın danışıqların aparılmasına ev sahibliyi edə biləcəyini bildirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Finlandıyanın sabiq prezidenti Tarja Halonen, Yunanıstanın sabiq Xarici İşlər naziri Dora Bakoyannisin iştirakı və rəhbərliyi ilə Cənubi Qafqaz regionundakı konfliktlərlə bağlı müzakirələrin aparılması üçün silsilə tədbirlər layihəsi hazırlayır.