İyunun 11-də İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın Baş nazirinin müavini, Xarici İşlər naziri Zlatko Laqumçiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mövqe.az-ın məlumatına görə, nazir Şahin Mustafayev Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini və əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Hər iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes forumların, işgüzar görüşlərin Azərbaycan-Bosniya və Herseqovina iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində rolunu qeyd edən İqtisadi İnkişaf naziri Şahin Mustafayev iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Bosniya və Herseqovinanın Baş nazirinin müavini, Xarici İşlər naziri Zlatko Laqumçiya Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, Bosniya və Herseqovinanın ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb, Bosniya və Herseqovinada infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan tərəfinin iştirakı məsələsi müzakirə edilib.