Azərbaycanlı fortepiano dueti İtaliyada müsabiqə laureatları olub

12 İyun 2013 18:41 (UTC+04:00)

İtaliyanın Bari şəhərinin yaxınlığındakı Coya Del Kolle qəsəbəsində Pyetro Arcento adına XVI beynəlxalq musiqi müsabiqəsi keçirilib. Mövqe.az-ın məlumatına görə, budəfəki müsabiqədə 25 ölkədən 150-dən çox musiqiçi iştirak edib. Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi və İsveçrədə virtuoz pianoçular arasında birinci mükafata layiq görülmüş dosent Elnarə Kəbirlinskaya bu müsabiqədə ölkəmizin uğurla təmsil ediblər. Onların ifasında İ.Bramsın "Fa minor", A.Məlikovun "Skertso", S.Raxmaninovun "Romans" və "Tarantella" əsərləri səslənib. 


Azərbaycanlı musiqiçilərin fortepiano dueti tələbkar beynəlxalq münsiflər heyətini valeh edib. 


Qeyd edək ki, münsiflər heyətinə Maykl Marvulli, Covanna Valente, Natalya İqumnova, Tahir Xsambeyev, Pavel Eliaşeviç və digər tanınmış musiqiçilər daxil olub. Azərbaycan fortepiano duetinə müsabiqənin laureatları kimi medallar təqdim edilib.