Azərbaycanda seçicilərin yarıdan çoxunu təşkil edən Azərbaycan qadınlarının siyasi fəallığının artırılması, onların seçki kampaniyasının bütün mərhələlərində mütəşəkkil iştirakının təmini üçün mühüm addımların atılması vacibdir. Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Qadınlarının IV Qurultayının qəbul etdiyi qətnamədə qeyd edilir.
Sənəddə bildirilir ki, qurultay nümayəndələri prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərməlidirlər.
Qətnaməyə görə, Azərbaycan qadınlarının ictimai-siyasi fəallığının yüksəldilməsi məqsədilə hakimiyyətin bütün qollarında qadınların təmsilçiliyinin daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilməlidir. Qadınlara qarşı zorakılığı "ailə" və ya "şəxsi" məsələ kimi səciyyələndirən stereotiplər aradan qaldırılmalıdır.
Qətnamədə bildirilir ki, məişət zorakılığı qadınlar, uşaqlar, ailələr üçün ağır fiziki, emosional və sosial nəticələr doğurur. Buna görə də səlahiyyətli dövlət orqanlarının bu məsələyə adekvat münasibət göstərməsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün mümkün tədbirlər təxirə salınmadan həyata keçirilməlidir: "Dövlət siyasətinin tərkib hissəsi olaraq, qadınların məşğulluğunun artrılması, kəndli qadınların sosial statusunun yüksəldilməsi, sahibkar qadınlara verilən dəstək təqdirəlayiq hesab edilsin. Bu sahədə müsbət təcrübə öyrənilsin və inkişaf etdirilsin. Bununla yanaşı, işləyən valideynlər üçün uşağa baxmanın asanlaşdırılması, uşaq bağçalarının sayının artırılması, ailə planlaşdırma xidmətlərinin inkişafı dəstəklənsin".