Sığorta yığımı və ödənişləri arasında hələ də böyük fərq nisbəti qalmaqdadır

18 İyun 2013 17:10 (UTC+04:00)

Aparılan tədqiqatlar göstərir ki, cari ilin yanvar-may aylarında ölkəmizdə fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən 168,7 milyon manat sığorta haqqı yığılıb. Sığorta ödənişləri isə bu dövr ərzində 48,9 milyon manat təşkil edib. Yığım və ödəniş arasında bu qədər fərqin olması haqda  danışan iqtisadçı-ekspert Rəşad Həsənov Mövqe.az-a açıqlama verərkən bildirb ki, sığorta ödənişlərinin sığorta yığımına nisbətən az olmasında qeyri- adi nəsə yoxdur: "Çünki, sığorta hadisəsi deyiləndə bədbəxt hadisələr nəzərdə tutulur ki, normal yanaşsaq, biz sığorta ödənişlərinin azlığına, beləliklə, dolayısı ilə bədbəxt hadisələrin azlığına sevinməliyik. Lakin bu o demək deyil ki, hər zaman hadisələr bizim düşündüyümüz kimi olur. Belə ki, müəyyən irəliləyişlərin olmasına baxmayaraq, hələ də milli sığorta bazarında sığorta ödənişləri ilə bağlı ciddi nöqsanlar var. Şirkətlər adətən, sığorta mükafatı ödəməkdən yayınmaq üçün bəhanələr axtarırlar. Vətəndaşlar isə bir cox hallarda ya hüquqlarını tam bilmirlər və ya müqavilə bağlayan zaman şərtlərlə detallı olaraq tanış olmadıqları üçün zərərçəkmiş tərəfə çevrilirlər. Bəzən isə kiçik həcmli sığorta ödənişi tələb edən hadisələr baş verdikdə, zərərçəkmiş adminstrativ əngəlləri nəzərə alaraq, siğorta şirkətinə müraciət etmir.

Başqa bir iqtisadi səbəb isə sığorta haqqı ilə sığorta mükafatı arasında olan nisbətin azlığıdır. Bu hal sığorta bazarında rəqabətin güclənməsi ilə zaman-zaman aradan qalxacaqdır.

Bəzi hallarda sığortaçılar ölkədə sığortaya olan marağın azlığından şikayət edirlər. Əlbəttə ki, 167 milyon yığıma qarşı 48 milyon ödəniş edilirsə, bu fakt özü hardasa vətandaşın sığorta şirkətlərinə olan inamını azaldır. Düşünürəm ki, sığorta şirkətlərinin şərtləri yüngülləşdirmək imkanları genişdir. Və ictimai inamı bərpa etmək məqsədi ilə daha şəffaf fəaliyət göstərmək və sığorta hadisəsi zamanı konstruktiv mövqe sərgiləmək gərəkdir. Eyni zamada dövlətin nəzarət orqanları da sığorta şirkətlərinin fəaliyyətinə nəzarəti gücləndirməlidir. İnkişaf etmiş ölkələrdə sığorta şirkətlərinin reytinqi ölçülərkən nəzərə alınan əsas amil sığorta mükafatının yığımda xüsusi cəkisidir. Bu göstərici nə qədər yüksək olursa, şirkətin fəaliyəti də bir o qədər müsbət dəyərləndirilir".