Xarici qonaqlar “Tarixdə Azərbaycan xalçaları” sərgisi ilə tanış oldular

19 İyun 2013 15:52 (UTC+04:00)

İyunun 18-də dünyanın tanınmış xalçaçı alimləri Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunmuş "Tarixdə Azərbaycan xalçaları" adlı sərgi ilə tanış olublar.


Mövqe.az-ın qonaqları salamlayan muzeyin direktoru, akademik Nailə Vəlixanlı onlara muzeyin xalça kolleksiyasının yaranma tarixi barədə məlumat verib. Qonaqlar sərgidə nümayiş olunan Azərbaycanın bütün xalça növləri və xalçaçılıq məktəblərinə aid, XVIII- XX əsr Azərbaycan xalçaları və xalça məmulatları, həmçinin toxucu dəzgahı, qədim xalçaçılıq alətləri ilə tanış olub, mövcud eksponatların Azərbaycanda tarixən xalçaçılıq sənətinin yüksək səviyyədə olmasını xüsusi qeyd ediblər.


Daha sonra xalçaçı alimlər muzeyin daimi ekspozisiyası, həmçinin H.Z.Tağıyevin ev-muzeyi ilə tanış olublar. Qonaqlara "Azərbaycan xalçaları" və "Azərbaycan xalça məmulatı" açıqçalar toplusu hədiyyə olunub.


Qeyd edək ki, "Tarixdə Azərbaycan xalçaları" sərgisi 2013-cü il 17-23 iyun tarixlərində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC), həmçinin "Azərbaycan xalçaları" İctimai Birliyinin üzvü Stefano İoneskonun təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulmuş Xalça turu çərçivəsində təşkil olunub.