Həmkarlar İttifaqı Konfederasiyası ev növbəsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etdi-Eksklüziv

20 İyun 2013 16:03 (UTC+04:00)

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) uzun müddət mənzil növbəsində duran vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması,onlara ev tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin sadələşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib".

Bu sözləri Movqe.az-a açıqlamasında AHİK-ın  mətbuat xidmətinin rəhbəri Nazim Ağamirov söyləyib. N. Ağamirov bildirib ki, artıq bununla bağlı NK-ya müraciət olunub: "Və bu məsələ AHİK tərəfindən Nazirlər Kabinetinə tez-tez xatırladılır. Amma deyə bilmərəm ki, hazırda bu proses nə yerdədir".

Qeyd edək ki, Azərbaycanda əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin sadələşdirilməsi Nazirlər Kabineti, AHİK və ASK arasında 2012-2013-cü illər üçün imzalanmış Baş Kollektiv Sazişdə nəzərdə tutulur. Sazişdə bildirilir ki, sənədi imzalayan tərəflər əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə, tikinti materiallarının qiymət və keyfiyyətinə nəzarətin gücləndirilməsi üçün tədbirlər görəcəklər.  Baş Kollektiv Sazişdə nəzərdə tutulub ki, uzun müddət mənzil növbəsində duran vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması üçün onlara heç olmasa torpaq sahəsi verilməlidir. 

Xatırladaq ki, Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası 2012-2013-cü illər üçün qarşılıqlı razılaşmanı nəzərdə tutan Baş Kollektiv Sazişə 2012-ci ilin mart ayında imza atıblar.