Məlumat verildiyi kimi bu günlərdə şimal qonşumuzun media orqanlarında yayılan məlumata əsasən, Rusiyadan Azərbaycana 1 milyard dollar civarında silahın daşınmasına başlanıb. Onu da xatırladaq ki, belə bir iddia ilə Rusiyanın "Vedomosti" və "Nezavisimaya qazeta" qəzetləri çıxış edib.
"Vedomosti"yə faktı təsdiqləyən Rusiya müdafiə sənayesindəki iki mənbə bildiriblər ki, 2011-2012- ci illərdə Azərbaycanla bağlanmış müqavilə paketi üzrə quru qoşunları texnikasının göndərilməsi prosesi həyata keçrilir. Mənbənin məlumatına görə, söhbət T-90S tankı (94 ədəd), təxminən üç batalyon üçün BMP-3 hərbi piyada maşını (100-ə yaxın), "Mcta-C özüyeriyən artilleriya qurğusu divizionu (18), "Smerç" yaylım atəşli reaktiv sistem divizionu (18), "Vena" özüyeriyən artilleriya silahları (18 ədəd), TOC-1A "Solnsepek" ("Buratino" sisteminin yeni modifikasiyası) ağır odsaçan sistemdən (6) gedir. Tanklarla yanaşı tam xidmət və yanğın nəzarəti üçün lazım olan bütün maşınlar, BREM-1 zirehli təmir-evakuasiya, T-90 bazasında İMR-3 M mühəndis-nəqliyyat maşınları alınıb. Bununla yanaşı, tanklar və artilleriya sistemi üçün müqavilədən əlavə opsionlar, xüsusilə 94 T-90S üçün opsion var.
Silah satışı ilə bağlı mövzu hələ də Rusiya mediasında davam etdirilməkdədir. "Svobodnaya pressa"da yenidən bu mövzuya toxunan Andrey İvanov bir daha qeyd edir ki, Rusiya Azərbaycana iri partiya silah göndərib və Ermənistanda bu fakt narahatlıq doğurub. Müəllif xatırladır ki, bütün bunlar o fonda baş verir ki, Dağlıq Qarabağla bağlı münaqişə davam etməkdədir: "Bakı ilə İrəvan arasında gərgin qarşıdurma artıq iyirmi ilə yaxındır səngimək bilmir... Azərbaycan rəhbərliyinin bəyanatları Bakının əbəs yerə ümid etmək niyyətində olmadığından və ərazi bütövlüyünü bərpa etmək əzmində olduğundan xəbər verir. Azərbaycana tədarük edilən silah bu ölkəni fəal hərəkətlərə sövq edə bilər… Eyni zamanda, Ermənistanın coğrafi vəziyyəti çox ağırdır. Onun Türkiyə və Azərbaycanla sərhədləri çoxdan bağlıdır. Gürcüstan ərazisi üzərindən tranzitlə bağlı da böyük problemlər mövcuddur. Belə olan halda, Azərbaycan Ermənistanı daha mürəkkəb vəziyyətə qoyur".
"Svobodnaya pressa" onu da yazır ki, Ermənistan indi açıq-aşkar əriyir. Əvvəllər orada 3,5 milyon adam yaşayırdı, indi - cəmisi milyon yarım. Camaat oradan qaçır. Qəzetə açıqlama verən Bakıdakı Qərb Universitetinin professoru Fikrət Sadıqov isə məsələ ilə bağlı bildirir: "Azərbaycan ictimaiyyəti ordusunun yeni texnika ilə silahlanmasına müsbət yanaşır. Çünki artıq 20 ildir Dağlıq Qarabağ problemi həll olunmur. Bu, separatçılıq tüğyan edən ərazidən başqa, ölkənin yeddi rayonu erməni işğalı altındadır. Buna dair BMT-nin dörd qətnaməsi var, lakin onlar işləmir. Bizim ərazilər azad edilməlidir, lakin qətnamələr yerinə yetirilmir.
Azərbaycan diplomatik danışıqlar aparmağa, münaqişənin tənzimlənməsində iştirak etməyə hazırdır. Lakin məsələ həll olunmur. Buna görə də Azərbaycanın silah əldə etmək istəyi təbiidir. Bizə sadəcə öz ərazimizi azad etmək lazımdır. Azərbaycanın ərazi bütövlüyü bütün aparıcı dövlətlər tərəfindən tanınıb, Rusiya, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası tərəfindən tanınıb. Bizim öz strateji tərəfdaşımız Rusiyadan silah almağa tam hüquqi əsaslarımız var. Bu, kommersiya müqaviləsidir, hər şey razılaşmaya əsasən gerçəkləşdirilir".
İəvandakı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan isə qeyd edir ki, əlbəttə, Ermənistanda onun KTMT üzrə müttəfiqi Rusiyanın Azərbaycanı silahlandırmasına sevinmirlər: "Tədarük edilən silah növləri Azərbaycanın müharibəyə hazırlaşdığından xəbər verir. Hazırkı vəziyyət prinsipcə müəyyən dərəcədə əvvəlki illərdən fərqlənir. İki il bundan qabaq Rusiya Azərbaycanı ən yeni S-300 kompleksi tədarük etmişdi".
Qara Dəniz Siyasi Təhqiqatlar İnstitutunun direktoru Vladimir Zaxarov hesab edir ki, silahı faktiki olaraq özəl şirkətlər satır. Qeyd edək ki, yeni silah sövdələşməsi, Rusiya və Azərbaycan arasında silah müqaviləsi ilə bağlı ilk iri paket deyil. 2010-2011-ci illərdə Azərbaycanın Silahlı Qüvvələrinə və digər güc strukturlarına ümumi 3 milyard dollar həcmində S-300PMU-2 zenit-raket sistemləri, bir neçə "Top2ME" zenit-raket kompleksi, 60 ədəd Mi-17 nəqliyyat vertolyotu, 24 həmlə vertolyotu verilib. Eyni zamanda Azərbaycan İsraildən ümumi məbləği 1,6 milyard dollardan çox olan PRO radiolokator, pilotsuz təyyarələr, gəmi əleyhinə raket alıb. Ukrayna və Belarusdan hava hücumundan müdafiə sistemi və qırıcı da alınıb. Rəsmi Bakının Rusiya və Türkiyədən tank, artilleriya və həmlə vertolyotlarının da almaq fikrində olduğu barədə də məlumatlar var. Bütün bunlar Ermənistanın mümkün müharibədə məğlubiyyətini qaçılmaz edir.