Paytaxtın tanınmış idman klublarından olan “Judo Club 2012”nin yetirmələri həm yerli, həm də beynəlxalq yarışlarda yüksək nəticələrə nail olurlar.
Yanvarın 17-19-da Xorvatiyanın Samobor şəhərində yeniyetmə və gənclər arasında karate üzrə 29-cu beynəlxalq Qran-Pri turniri keçirilib. Baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə Azərbaycan yığma komandası turnirə 32 (28 kumite, 4 kata) idmançı ilə yollanıb. Komandanın tərkibində “Judo Club 2012”nin 2 karateçisi - Abbas Dadaşov (-68 kq) və Fərid Ağayev (-76 kq) də yer alıb.
Klubun istedadlı yetirmələrindən biri olan Abbas Dadaşov kumite üzrə 16-17 yaşlı idmançıların yarışında beş görüş keçirib, çıxışını bürünc medalla başa çatdırıb. Klubun digər üzvü Fərid Ağayev isə bürünc medal uğrunda mübarizədə məğlub olaraq mükafatçılar sırasından kənarda qalıb.
Qeyd edək ki, Xorvatiya turniri fevralın 7-9-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək yeniyetmə və gənclərin Avropa birinciliyinə son seçmə hazırlıq yarışı idi. Azərbaycan çempionatında ikinci, seçmə görüşlərdə isə birinci yeri tutan Abbas Dadaşov Xorvatiyada da ümidləri doğruldaraq qitə birinciliyinə vəsiqə qazanıb.
Qran-Pri turnirində yarımfinala qədər irəliləyən Fərid Ağayev isə həm Azərbaycan çempionatının, həm də seçmə görüşlərin qalibi kimi qitə birinciliyində iştirak etmək hüququ əldə edib.
Klubun karateçilərinin növbəti uğuru bu günlərdə Bakı İdman Sarayında keçirilən, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə qeydə alınıb. Azərbaycan Milli Karate Federasiyası (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışda uşaq, yeniyetmə və gənc idmançılar qüvvələrini sınayıblar. Sayca beşinci dəfə keçirilən açıq turnirdə 12 ölkəni təmsil edən 89 klubun tərkibində 939 idmançı və 50 komanda iştirak edib.
Beynəlxalq turnirdə inamla mübarizə aparan “Judo Club 2012”nin yetirmələri yarışda 1 gümüş və 2 bürünc medal qazanıblar. Klubun aktivinə yeganə gümüş medalı 12-13 yaşlı idmançıların mübarizəsində çıxış edən Ramazan Əlizadə (-40 kq) yazdırıb. Bu yaş kateqoriyasında -35 kq çəki dərəcəsində yarışan Hüseyn Muxtarzadə isə bürünc medala layiq görülüb. Daha bir bürünc medalı 14-15 yaşlı idmançıların yarışında qüvvəsini sınayan Rəsul Abbasov (-52 kq) qazanıb.
Məlumat üçün bildirək ki, “Judo Club 2012”nin idmançıları yarışda klubun karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyevin rəhbərliyi altında iştirak ediblər.