Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilir

21 İyun 2013 13:00 (UTC+04:00)

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu işinə başlayıb.


Mövqe.az-ın məlumatına görə, forumun açılışında çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı bildirib ki, forumda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və diaspor təşkilatlarından 556 nəfər iştriak edir. Onun sözlərində görə, bu hadisə türk diaspor təşkilatlarının tarixində bir ilkdir:


"Artıq türk diaspor təşkilatlarının birliyinin vaxtı gəlib çatıb. Türk diaspor təşkilarının təsirli olması, mənfi təbliğata qarşı bir olması böyük önəm daşıyır."

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, bu gün dünyada türk diasporunun milyonlarla nümayəndəsi var. Onları birləşdirməyə ehtiyac var:

"Türk xalqları arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir."

Qeyd edək ki, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunda hər hansı sənədin imzalanması gözlənilməsə də, bundan daha öncə qəbul edilmiş birgə strategiya açıqlanacaq. Sonda bildiriş yayılacaq və şura üzvü olan dövlətlərin başçılarına müraciət qəbul ediləcək.