“Avropa Parlamentində İlqar Məmmədovu, İsa Qəmbəri tanımırlar”

21 İyun 2013 14:03 (UTC+04:00)

Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini müzakirə edir. 21 iyun iclasında söz alan deputat, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Avropa Parlamentinin qəbul etdiyi qətnamənin qərəzli, Azərbaycanın əleyhinə yönəlmiş kampaniyanın tərkib hissəsi olduğunu deyib: "Avropa Parlamentində İlqar Məmmədovu, İsa Qəmbəri tanımırlar. Qətnamədə qeyd edilir ki, 52 QHT bununla bağlı Avropa Parlamentinə müraciət edib, ancaq QHT-lərin adları yoxdur. Yazılır ki, İlqar Məmmədov prezidentliyə real namizəd olduğu üçün onun barəsindən həbs qərarı verilib. O adam bələdiyyəyə namizəd belə ola bilməyib. Onun prezidentliyə namizəd kimi göstərilməsinin özü qərəzlidir. "Fridom Haus" təşkilatı da eyni məzmunlu bəyanat verib, sanki bir mərkəzdən idarə olunurlar. Buna səbəb Azərbaycanın uğurlarını gözlərinin götürməməsi, erməni lobbisi ilə birgə hərəkət etmələridir".


Siyavuş Novruzov 20 ildir ki, müsavatçıların hüquqlarını müdafiə edən Novella Cəfəroğlunu hesabata qarşı çıxdığı üçün partiyadan çıxarmaq istədiklərini söyləyib: "Bəs sizin ədalətiniz haradadır? Vaqif Səmədoğlu, Şirzad Əyyub, Aynur Camalqızı deputat seçildikləri üçün partiyadan çıxarılıblar.


Digər məsələ: parlamentdən 20 dəqiqə məsafədə mitinq keçirmək üçün gözəl bir yer var. Elektoratları olmadığı üçün yeri bəhanə edirlər. Yaxud bir sıra insanlar barədə hələ məhkəmə qərarı verilməyib, nə üçün öncədən belə bir bəyanat verirlər? Bu, demokratiya məsələsi deyil, iqtisadi maraqlarına görə belə qərarlar verirlər.


Avropada Azərbaycanı istəyən yüzlərlə deputat var. Onların bəziləri Avropa Parlamentinin də üzvləridir. Bizim Avronest Parlament Assambleyasında, digər qurumlarda deputatlarımız var, onlar fəal olmalıdır".


Oqtay Əsədov Avropa Parlamentinə etirazla bağlı vitse-spiker Valeh Ələsgərovun rəhbərliyi altında işçi qrup yaradılmasını təklif edib. İşçi qrupda deputatlar Səməd Seyidov, Aqiyə Naxçıvanlı, Asim Mollazadə, Gülçöhrə Məmmədova, Əli Hüseynli, Novruz Aslanov təmsil olunur.