"Əl-Cəzirə" Azərbaycan-İran münasibətləri ilə bağlı maraqlı detallar açıqladı
3 Aprel 2012 19:39 (UTC+04:00)
Azərbaycan və İran arasında son vaxtlar daha gərgin notlar üzərində
köklənən münasibətlər beynəlxalq miqyasda da xüsusi diqqət
mərkəzindədir. Bu xüsusda dünyanın ən məşhur telekanallarından biri
sayılan "Əl-Cəzirə"nin hazırladığı analitik materialda kifayət
qədər maraqlı mətləblərə toxunulur.
Materialda qeyd olunur ki, Azərbaycan və İran arasında çox ciddi
ziddiyyətlər mövcuddur: "Təəccüblüdür ki, bu ziddiyyətlərə
baxmayaraq, iki ölkənin münasibətlərində heç vaxt tammiqyaslı
böhran yaşanmayıb. Bəs onda nə baş verir? Azərbaycanda belə bir
möhkəm əminlik yaranır ki, İran bu ölkədə islam inqilabının həyata
keçirilməsinin təşviqatı ilə məşğul olan təşkilatlar şəbəkəsinin
yaradılması üzrə fəaliyyəti maliyyələşdirməkdə davam edir. İranda
ümid edirlər ki, bu, nə vaxtsa öz nəticəsini verəcək.
Azərbaycan cəmiyyəti isə dünyəvi normalara sadiqdir. Elə bu
səbəbdən İranın maliyyələşdirdiyi fəaliyyət növü dini
əhval-ruhiyyənin yüksək olduğu kiçik, lokal ərazi və qruplarla
məhdudlaşır. Eyni zamanda belə təşkilatlar tərəfindən ideoloji
təsirin genişlənməsinə qarşı aktiv mübarizə aparılır. Mövcud
faktlar isə həmin təşkilatlara dəstəyin məhz İran tərəfindən
göstərildiyini meydana qoyur".
Qətərdən yayımlanan "Əl-Cəzirə" telekanalı onu da vurğulayır ki,
Azərbaycanla münasibətlər kəskinləşən vaxt İranın yüksək rütbəli
rəsmi şəxsləri də şimal qonşularına qarşı analoji münasibətlər
sərgiləyərək özlərini doğrultmağa çalışırlar: "Gün kimi aydındır
ki, bu iki ölkənin maraqları həm də bir çox istiqamətlər üzrə
üst-üstə düşür. Məsələn, Azərbaycan Qərbin İranla müharibə
aparmasının tərəfdarı deyil və bu ölkəyə qarşı beynəlxalq
sanksiyalara ehtiyatla yanaşır. Bundan başqa Bakı və Tehran
ikitərəfli münasibətlərdə sabitliyin qorunub saxlanılmasına
maraqlıdırlar".
Qətər telekanalı onu da bildirir ki, Bakı qətiyyən İranda separatçı
əhval-ruhiyyənin hökm sürməsində maraqlı deyil: "Lakin İran da
ərazisində ən böyük etnik qrup olan azərbaycanlıların hətta
elementar tələblərini belə yerinə yetirmək niyyətində deyil və
bunun digər etnik azlıqların fəallaşmasına gətirib çıxara
biləcəyindən ehtiyat edir. Beləliklə, bir çox məqamları, o cümlədən
İran azərbaycanlılarını diqqət mərkəzinə alaraq Bakı və Tehran
mübahisə etməməyə çalışırlar. Yeri gəlmişkən İranda azərbaycanlılar
Azərbaycanda olduğundan daha çoxdur. Və bu faktdır".
Son günlərdə isə İran və Azərbaycan münasibətləri kontekstindən
diqqət mərkəzində olan başlıca məsələ isə Mark Perrinin müəllif
olduğu ABŞ-ın "Foreign Policy Magazin" dərgisində dərc edilən
təqribən on səhifəlik məqaləsi ilə bağlıdır. Xatırladaq ki, burada
Azərbaycanın İsrail təyyarələrinin öz hava bazalarından istifadəyə
imkan verməsi haqqında məlumat yer alıb.
Bu məlumat daha sonra qərbin digər media orqanları tərəfindən
genişləndirilib.
Fransa Xəbər Agentliyi (AFP) Azərbaycan Prezident
Administrasiyasının ictimai siyasət şöbəsinin müdiri Əli Həsənova
istinadən İsrailə hava limanlarını açması barədə "Foreign Policy
Magazin"də verilən məlumatları inkar edib. Əli Həsənov bildirib ki,
İsrail hərbi təyyarələrinin Azərbaycandakı bazalardan istifadə
etməsi barədə yayılan şayiələr Azərbaycanla İran arasındakı
münasibətləri pozmaq məqsədi daşıyır. Azərbaycan Müdafiə
Nazirliyinin nümayəndəsi də bu barədə yayılan xəbərləri absurd və
cəfəngiyat adlandırıb.
Qeyd edək ki, "Foreign Policy Magazin" də çoxlu qəzet və agentliyin
istinad etdiyi məqalə də Azərbaycan rəsmilərinin bu ölkə
ərazisindən başqa ölkələrə qarşı hücum təşkil edilməsinə imkan
verməyəcəkləri barədə bəyanatlarına da yer verib. Məqalədə deyilir
ki, Azərbaycan bu öhdəliyini yerinə yetirsə belə İsrailə əsaslı
yardımlar göstərə bilər. Onların bəyanatlarında İsrail
təyyarələrinin Azərbaycanda yerə enməsi və ya bu ərazilərdən
axtarış-xilas əməliyyatları üçün istifadə etmələrinin istisna
olunması barədə bir söz deyilməyib.
Britaniyanın "The Guardian" qəzeti isə "İsrail və Azərbaycan:
ehtimal olunmayan müttəfiqlər" başlıqlı məqaləsində yazır ki,
İsrail Azərbaycanla möhkəmlənmiş müttəfiqliyi nəticəsində bu ölkə
təyyarələrinin İranın şimal ərazilərinə çıxışına imkan verəcək hava
bazalarından istifadə imtiyazı əldə edib. Xəbərdə o da yazılır ki,
ABŞ bu iddianın İranla-İsrail arasındakı münasibətləri daha da
gərginləşdirə biləcəyindən və baş verə biləcək bir müharibəyə
Qafqazların da daxil olmasına gətirib çıxaracağından ehtiyat
edir.
İsraildə qərargahlanan təhlilçilər isə Obama administrasiyasını
bilərəkdən İsrail və Azərbaycan arasındakı məxfi təmasları mətbuata
sızdırmaqda günahlandırırlar. İsrailin Milli Təhlükəsizlik
Araşdırmaları İnstitutunun təhlilçisi Yoel Quzanski bununla bağlı
bildirir: "Bu, İsraili İrana hücumdan saxlamaq üçün aparılan
kampaniyaya oxşayır. Obama administrasiyası xeyli narahatdır ki,
İsrail hücum edəcək və bunu tezliklə edəcək. Onlar bunun qarşısını
hər vəchlə almağa çalışırlar".
İsrailin "Yediot Ahronot" qəzetində "Obama İsrailə xəyanət edir?"
başlıqlı məqalə ilə çıxış edən Ron Ben-Yişay isə dərc olunan
məlumatı terror aktına bənzədib. Onun sözlərinə görə, Obama
administrasiyası əlindən gələni edir ki, İsrail rəhbərliyi üçün
İrana hücum etməyi çətinləşdirsin: "Ən pisi isə odur ki, baş
verənlər İsrailin hücum olacağı təqdirdə itkilərini artıra
bilər".
Səməd CƏFƏROV