Holcim (Azərbaycan) ASC-də bu ilin ortalarında alternativ enerjidən istifadə etməklə sement istehsalına başlanılacaq. Bu məlumatı Movqe.az-a Geocyle (Azərbaycan) MMC-nin direktoru Samir Agayev verib. S. Ağayev istehsala başlanılması üçün hazırda işlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi icazə alınması mərhələsində olduğunu söylədi. Onun sözlərinə görə, tədricən zavodda məhsul istehsalında mavi yanacaqdan alternativ enerjiyə keçid başlayacaq. S. Ağayev yararsız təkərlərin yanacaq kimi istifadəsi ilə təbii qazdan istifadəni tədricən azaltmağın mümkün olduğunu, bunun ətraf mühitin qorunmasına böyük tövhə verəcəyini söylədi: "Sementin istehsalı prosesi enerji və material tələb edir. Ənənəvi olaraq, sementin əsas tərkib hissəsi olan klinkerin hazırlanması üçün mədən yanacağı və təbii xammal istifadə olunurdu. Lakin son dövrdə istehsal texnologiyasının təkamülü nəticəsində alternativ yanacaqlardan və xammaldan istifadə üçün imkanlar yarandı. Öz biznesini iqtisadi, sosial və ətraf mühit tərəfdən daha sərfəli şəkildə qurmaq məqsədilə Holcim klinkerin istehsalı üçün qeyri-ənənəvi və ya "Alternativ yanacaq mənbəyi"dan (AYM) istifadə edir. AYM həm enerjini, həm də xammalı müəyyən tullantı növlərindən əldə etməyə imkan verir və bununla da bərpa olunmayan təbii sərvətlərin qorunmasını təmin edir".