Qarabağda yeni müharibə proqnozları verilir
3 Aprel 2012 19:41 (UTC+04:00)
Zəfər Quliyev: "Bu cür fikirləri başa düşmək çətin deyil"
Üzeyir Cəfərov: "Ermənistanın sərgilədiyi siyasət göstərir ki,
proseslər müharibəyə aparır"
Sirr deyil ki, Azərbaycanın hərbi potensialının güclənməsi, müdafiə
sənayesinin inkişafı, xaricdən modern silahların alınması, büdcədən
silahlı qüvvələrə ayrılan vəsaitlərin həcminin artması Ermənistanda
ciddi narahatlıq yaradır. Düşmən ölkədə hesab edirlər ki,
Azərbaycan birmənalı şəkildə müharibəyə hazırlaşır. Etiraf olunur
ki, müharibənin başlanılması Dağlıq Qarabağın azad olunması ilə
nəticələnəcək.
Dağlıq Qarabağ münaqişəsinin hər an alovlana biləcəyini artıq
xarici ekspertlər, Qərb mediası və təşkilatları bəyan etməyə
başlayıblar. ATƏT-in Minsk qrupunun 20 illik fəaliyyətinin səmərə
verməməsi, Ermənistan Silahlı Qüvvələrinin nəinki Dağlıq
Qarabağdan, ətraf rayonlardan belə çıxarılmaması, bu rayonların
Azərbaycana təhvil verilməməsi müharibə risklərini artırır.
Azərbaycan tərəfinin müharibəyə nə vaxt başlayacağı barədə konkret
vaxt göstərilməsə də, rəsmi Bakının hücuma tam hazır olduğunu
deyirlər.
Politoloq Zəfər Quliyevin sözlərinə görə, Azərbaycan tərəfi heç
vaxt müharibə variantından imtina etməyib: "Ölkə başçısı İlham
Əliyev dəfələrlə bildirib ki, sülh danışıqları fayda verməsə,
Azərbaycan dövləti, xalqı torpaqları silah gücünə də olsa, işğaldan
azad edəcək. Bu mənada xarici ekspertlərin, siyasi-hərbi araşdırma
institutlarının hesabatları ilə razılaşmamaq olmur. Amma fakt budur
ki, müharibəyə başlamaq indiki məqamda tək Azərbaycanın istəyi ilə
həll olunmur. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk
qrupunun üzvlərini düşündürən münaqişənin həlli deyil, müharibənin
olmamasıdır. Onlar bilirlər ki, münaqişəni həll edə bilməyəcəklər
və ya da bunu istəmirlər. Lazım olan müharibənin olmamasıdır və
buna nail olurlar. Bu siyasət Dağlıq Qarabağda status-kvonun
saxlanılmasına şərait yaradır və Ermənistana sərf edir. Azərbaycan
hakimiyyəti isə mövcud durumla barışmaq istəmir və bir növ yaranmış
vəziyyət ölkə rəhbərliyində inamsızlıq yaradıb. Mən Azərbaycan
hakimiyyətində və cəmiyyətində ATƏT-in Minsk qrupuna inamsızlığın
yarandığını müşahidə edirəm".
Politoloq bildirdi ki, atəşkəs sazişi imzalanan gündən Qarabağda bu
gün-sabah müharibənin başlanacağı barədə məlumatlar yayılıb: "Bəzən
bundan siyasi məqsədlər, daxili ictimai fikri formalaşdırmaq,
müəyyən məsələlərdən çəkindirmək üçün də istifadə edirlər. Məsələ
burasındadır ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağı işğal
etməyə hazır olduğunu, Ermənistan hakimiyyəti isə müdafiə etməyə
qadir olduqlarını bəyan edirlər. Beynəlxalq qurumlar isə tərəfləri
müharibə ritorikalarından əl çəkməyə çağırırlar. Dərk etmək
lazımdır ki, münaqişə artıq qlobal problemlərin sırasına daxil
olub. Münaqişənin həllilə dünyanın aparıcı dövlətləri - Fransa, ABŞ
və Rusiya aktiv şəkildə məşğuldur. Azərbaycan və Ermənistan
müharibəyə başlayarlarsa, hər iki ölkəyə böyük təhlükə yaranacaq.
İlk növbədə hakimiyyətlər əlbəttə, bu təhlükəni hiss
edəcəklər".
Hərbi ekspert Üzeyir Cəfərov yaxın zamanlarda Dağlıq Qarabağda
müharibə olacağını düşünmür: "Düşünürəm ki, Azərbaycanın hərbi
fəallığı ona yönəlib ki, beynəlxalq təşkilatlar münaqişənin həlli
məsələsində bir qədər tələssinlər. Amma cəmiyyətlər hələ müharibəyə
hazır deyil. Prezidentlərin görüşlərində, həmsədrlərin səfərlərində
müharibə variantı birmənalı şəkildə istisna olunur. Sarkisyan yaxşı
bilir ki, Dağlıq Qarabağda müharibə olmayacaq. Həmsədr dövlətlər
münaqişəni tezliklə həll etmək istəmirlər. Onlar vaxtı uzadırlar
ki, bu Ermənistanın xeyrinə işləyir".
Xarici ekspertlərin müharibə ehtimalının yüksək olmasına dair
fikirlərinə gəldikdə isə ekspert hesab edir ki, burada təəccüblü
heç nə yoxdur: "Ermənistanın sərgilədiyi siyasət göstərir ki,
proseslər müharibəyə aparır. Bu ölkə vaxtı udmaqla, əldə olunan
razılaşmaları pozmaqla məşğuldur. Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həll olunacağına ümid qalmayıb. Amma Azərbaycanın silaha
əl atması risklidir. Gərək, super dövlətlərin razılığını alasan ki,
müharibəyə başlayasan".
Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan müharibəyə başlayacağı
təqdirdə qısa müddətdə işğal altındakı ərazilərin böyük hissəsini
azad edə bilər: "İldırım sürətli hücumun qarşısında, sözsüz ki,
Ermənistan silahlıları duruş gətirə bilməyəcək".
R.XƏLİLOV