Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanda yaradılmış sosial-iqtisadi potensial davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi müvəffəqiyyətlə təmin edir. Mövcud inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində isə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub.
Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin həyata keçirilməsi gələcək illər üçün dayanıqlı inkişafın möhkəm təməlinin yaradılmasına, Azərbaycan Respublikası iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına hətrəfəli imkan verir. Bütün bunlarregionlarda da özünü qabarıq büruzə verir.
Məlum olduğu kimi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla icrası son illərdə bölgələrin simasının daha sürətlə müasirləşməsinə, gözəlləşməsinə gətirib çıxarıb. Proqram çərçivəsində ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirləri, o cümlədən tikilən və əsaslı təmir olunan təhsil və səhiyyə müəssisələri və digər sosial obyektlər bu sahədə mühüm dəyişikliklərə yol açıb. Əhalinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlər möhtəşəm nəticələrlə müşayiət olunur.
O da adnılmaz həqiqətdir ki, sözügedən proqram qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin olunması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsində müstəsna rol oynayıb. Bununla "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının dinamik inkişafına böyük töhfələr verib və verməkdədir. Bunu Naftalan şəhərinin timsalında da görmək olar.
Məlumat üçün bildirək ki, Naftalan şəhəri 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərib. 28 aprel 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli Qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilib. Təxmiən 10 minə qədər insanın yaşadığı şəhərin ərazisi 31 may 2010-cu il tarixə kimi 879.82 hektar olub. Lakin kurort zonasını genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının Goranboy rayon və Naftalan şəhərinin inzibati ərazi vahidlərində qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 31 may 2010-cu il tarixli Qanununun tətbiq edilməsi barədə imzaladığı 10 iyun 2010-cu il tarixli 958 nömrəli Sərəncama əsasən, Goranboy rayonunun inzibati ərazisindən 2692.81 hektar torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazi vahidinə daxil edilib və şəhərin ümumi sahəsi 3572.63 hektar olub. Naftalan şəhəri 1 şəhər 2 kənddən ibarətdir. Şəhərin əsasını Sanatoriya - Kurort infrastrukturu təşkil edir.
Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, şəhər üzrə ən müxtəlif sahələrin inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub. Həmin sahələr sırasında elektrik enerjisi, istilik və qaz təchizatı, cu təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, cəhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması tədbirlərni qeyd etmək olar. Eləcə də Dövlət Proqramına əsasən, şəhər üzrə aşağıdakı tədbirlər həyata keçirilib və keçirilməkdədir: Şəhərin elektrik şəbəkələrinin yenidən qurulması və elektrik verilişi xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması. Şəhərdə məktəblər və yaşayış binaları üçün yeni qazanxanaların tikintisi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası. Şəhərin və yeni salınmış yaşayış massivinin qaz təchizatının yaxşılaşdırılması. Şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması. Şəhərdə səhiyyə-kurort müəssisələrinin təmiri, avadanlıqlarla təchiz olunması və yenilərinin tikintisi. Mədəniyyət obyektlərinin təmiri, yenidən qurulması və tikintisi.
Artıq əldə olunan uğurlu nəticələri cari ilin ilk rübünün sosial-iqtisadi göstəricilərindən də görmək mümkündür. Bu ilin birinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə şəhərdə ümumi daxili məhsulun həcmi 2.3 dəfə artaraq 9183.3 min manat, sənaye məhsulunun həcmi 14 faiz artaraq 422 min manat olub. Şəhərin nəqliyyat sahəsində görülən işlərin həcmi 82.4 min manat, rabitə sahəsində göstərilən xidmətlər 35 min manat təşkil edib. Əhaliyə 1377.7 min manatlıq pullu xidmətlər göstərilib ki, bu da 2012-ci ilin birinci rübündə göstərilən pullu xidmətin həcmindən 2.4 dəfə çoxdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 3161.4 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 232.8 manat olub. Bu dövrdə şəhərin büdcəsi subsidya ilə birlikdə 1511.65 min manat, xərcləri isə 1310.3 min manat olub. Yerli mənbələrdən gəlir üzrə daxil olma 517.15 min manat olub. Naftalan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində 26 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyin edilib, ümumilikdə 98 ailəyə 32.95 min manat məbləğində Ünvanlı Dövlət Sosial Yardım ödənilib. Şəhər Məşğulluq Mərkəzinə müraciət etmiş 36 nəfərdən 20 nəfəri daimi işlə təmin olunub, 2 nəfərə işsizlik statusu verilməklə işsizlik müavinəti təyin edilib.
Dövlət Proqramının müvafiq bəndlərinin icrası ilə bağlı şəhərin elektrik verilişi şəbəkələrində təmir və yenidənqurma işləri davam etdirilir. Şəhərin ağır problemlərindən olan su və kanalizasiya probleminin həlli məqsədilə şəhərdə 5.9 km uzunluğunda yeni su xəttinin çəkilməsi, ümumi həcmi 6000 kubmetr (hər birinin kamerası 3000 kubmetr olmaqla 2 ədəd) olan su anbarının, şəhərdaxili ümumi uzunluğu 33 km olan kanalizasiya şəbəkəsinin və Sukanal idarəsi üçün yeni inzibati binanın tikintisi işlərinə başlanılıb. Bunun da nəticəsində əhali su ilə fasiləsiz olaraq təmin olunacaq. Həmçinin şəhərdə mövcud çirkab suların təmizləyici qurğuları da yenidən quraşdırılacaq. Məlumat üçün bildiririk ki, 6 mart 2013-cü il tarixdə Naftalan şəhərinin su təchizatı sistemlərinin bir hissəsinin və kanalizasiya şəbəkəsinin yenidən qurulması üzrə tikinti işlərinə başlanılıb. Bu fonda həm də Mexaniki avadanlıqlar otağı, Xlorlama binası, gözətçi otağı və Sukanal idarəsi üçün yeni inzibati binanın da tikintisi nəzərdə tutulub. Hazırda Su anbarlarının tikilməsi üçün yerlər müəyyənləşdirilib, ərazi təmizlənib, qazıntı işləri tamamlanıb və anbarların inşası üçün hazır vəziyyətə gətirilib. əmçinin ümumi uzunluğu 33 km-ə yaxın olan kanalizasiya şəbəkəsinin və ümumi uzunluğu 6 km-ə çatan içməli su xəttinin tikintisinə də başlanılıb. Diametrləri 150 mm, 200 mm, 400 mm, 600 mm və 800 mm olan kanalizasiya xəttlərində işlər davam etdirilir.
Çirkab suların daşınması üçün nəzərdə tutulan diametri 600 mm və 800 mm kanalizasiya boru xəttlərinin yenidən qurulması işləri artıq yarıya çatdırılıb. Başlanğıcını Goranboy rayonunun Ballıqaya su xəttindən götürən və Su anbarlarına qədər diametri 315 mm, uzunluğu 6 km olan içməli su xəttində də 50% kimi işlər tamamlanmış və su xəttinin üzərində tikilməsi nəzərdə tutulan siyirtmə otaqlarının tikintisinə başlanıb. Hazırda su xəttində tikinti-quraşdırma işləri davam etdirilir. Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin başa çatdırılması 2013-cü ilin sonuna nəzərdə tutulub.
Şəhərdə 280 yerlik körpələr evi-uşaq baxçasının, Heydər Əliyev Mərkəzinin, Qarabağ sanatoriyasının tikintisi də məmnunluqla qarşılanır. Naftalan şəhərinin Heydər Əliyev parkında 0,14 hektar ərazidə inşa edilən Heydər Əliyev Mərkəzinin təməli 2012-ci ildə qoyulub. Mərkəz iki mərtəbədən ibarət olmaqla, tikinti altı sahəsi 722 kvadratmetr təşkil edir. Mərkəzin birinci mərtəbəsində Heydər Əliyev irsinin xalqa çatdırılması, maraqlı tədbirlərin həyata keçirilməsi üçün 80 nəfərlik toplantı zalı, Muzey və iki personal otağı, II mərtəbədə isə elektron kitabxana, internet otağı, rəsm qalereyası və kiçik konfrans zalı olacaq. Parkın mərkəzində yerləşən binanın dam örtüyünün quraşdırılması başa çatıb. Mərkəzin cari ilin payız aylarında istifadəyə verilməsi nəzərdə tutulub.
Kiçik Qafqaz sıra dağlarının ətəklərində yerləşən, insan əli ilə salınmış yaşıllıqlar içində qərq olan Naftalan kurortu nəinki respublikamızda, onun hüdudlarından kənarda da çox məşhurdur. Hələ orta əsrlərdən bir çox xəstəliklərin müalicəsində müvəffəqiyyətlə işlədilən naftalan nefti 1935-ci ildə burada kurort şəhərinin salınmasına səbəb olub. Naftalan nefti əsəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır. 1992-ci ildən 2005-ci ilədək burada yalnız "Çinar Sanatoriyası" mövsümi olaraq xəstə qəbulu ilə məşğul olurdu. 2005-ci ilin may ayında Naftalan Kurortunda ilk özəl sanatoriya olan "Naftalan" açıldı. Daha sonra isə bu sahədə yeni nailiyyətələr imza atıldı ki, nəticədə Naftalana üz tutanların sayı ildən-ilə artır. Digər sahələrdə də dinamik tərəqqi qeydə alınır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.