Gənc xanəndələr konsert proqramı ilə çıxış edəcəklər. Bu barədə Movqe.Az xəbər portalına gənc xanəndə Nişanə Baxışova özü məlumat verib. N.Baxışova bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı ilə mayın 20-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək "Qədim muğam sənətinin gənc səsləri" adlı konsert proqramında, N.Baxışova özü, o cümlədən, Könül Tağıyeva, Mirələm Mirələmov, İlkin Əhmədov və Səbinə Ərəbli çıxış edəcəklər.
N.Baxışova onu da qeyd etdi ki, onları tarzən Rövşən Qurbanovun rəhbərliyi altında "Buta" instrumental ansamblı müşayiət edəcək. Konsertin giriş hissəsini adıçəkilən xanəndələr Simayi-Şəms ritmik muğamının ifası ilə başlayacaq.
Bundan başqa, N.Baxışova yaradıcılıq işlərindən də danışdı. O, yeni ifa etdiyi mahnıya klip çəkiləcəyini dedi: "Sözləri Bayatılar, musiqisi mahir xanəndə Əlibaba Məmmədovun bəstəsi olan "Gəl, bizə yar!" mahnısına klip çəkiləcək. Klipi rejissoru Roman Yaşar Şamaxıda və Pirqulu qəsəbəsində ekranlaşdıracaq. Onu da bildirim ki, muğam sənətinin sirrlərini xalq artistlərimiz Əlibaba Məmmədovdan, Nəzakət Teymurovadan öyrənmişəm", - N.Baxışova söylədi.
Fuad Mədətov
Movqe.Az