Qərbin «ideal iqtisadi fırtına»sı Azərbaycan üçün də problemə yarada bilər

12 May 2012 10:28 (UTC+04:00)

Qərbin hələ də üzləşdiyi yeni iqtisadi tənəzzülün əlində aciz qalması indi bütövlükdə dünya iqtisadiyyatı üçün ciddi problem mənbəyinə çevrilməkdədir. Təbii ki, hadisələrin bu səpkidə inkişafı dünyaya sıx iqtisadi inteqrasiya edən Azərbaycana da təsirsiz ötüşmür.

Belə bir vaxtda isə tanınmış reytinq agentliyi olan "Standard & Poor’s" daha qorxunc proqnozlar verib. Reytinq agentliyi bildirir ki, kifayət qədər böyük həcmdə borc öhdəliklərinin yerinə yetirilmə vaxtının yaxınlaşması və eyni zamanda yaxın 4-5 il ərzində 43-46 trilyon dollar həcmində yeni maliyyələşmə ehtiyaclarının meydana çıxması dünya kredit bazarlarında "ideal fırtınanın" başlaması üçün əla fürsət yaradıb.

Həmçinin belə bir situasiyanın yaşanması riskini artıran faktorlar sırasında agentlik hal-hazırda dünyanın siyasi mənzərəsinin çox sürətlə dəyişməsini qeyd edir. Belə ki, dəyişkən geosiyasi iqlim maliyyə bazarlarındakı qeyri- stabilliyi şərtləndirən əsas amildir. Agentlik xatırladır ki, kredit və istiqrazlara görə öhdəliklərin bağlanması vaxtı yetişdiyi üçün onların yenidən maliyyələşməsinə olan tələbat kəskin artıb: "Nəzərə almaq lazımdır ki, böhrandan öncə Avropa İttifaqı, Böyük Britaniya, ABŞ, Çin və Yaponiya şirkətlərinə və borcalanlarına verilmiş öhdəliklərin yerinə yetirilməsi üçün 30 trilyon dollar tələb olunur (Avropa şirkətlərinin borcu təqribən 30% təşkil edir) üstəgəl artımın maliyyələşməsi üçün lazım olan 13-16 trilyon dollar". Reytinq agentliyinin fikrincə, hökumətlər və mərkəzi banklar xəzinə və monetar siyasət baxımından o qədər də elastik deyillər ki, bazardakı növbəti burulğanla üzləşdikdə ortaya çıxacaq problemləri həll edə bilsinlər və ya ümumiyyətlə, onların yaranmasına imkan verməsinlər. Hadisələrin "ideal fırtına" ssenarisi ilə inkişaf etməsi ona gətirib çıxara bilər ki, hətta borclanma səviyyəsi elə də yüksək olmayan borcalanlar da çox çətin maliyyə durumunda qalar. Qeyd edək ki, "ideal iqtisadi fırtına" Nobel mükafatı laureatı Nuriel Rubin tərəfindən yaranmış bir termindir. O, 2008-ci ildə ABŞ-da baş verəcək böhranı, onun ABŞ iqtisadiyyatı və maliyyə təsisatları üçün nə ilə nəticələnəcəyini və ümumiyyətlə, dünyada hansı fəsadlar törədəcəyini hamıdan öncə proqnozlaşdırmış şəxs kimi də tarixə düşüb.

Beləliklə, dünyada yeni maliyyə böhranının yaranma təhlükəsi yenidən aktuallaşıb. Bu isə ondan irəli gəlir ki, çünki dünya iqtisadiyyatının lokomotivləri hesab olunan ABŞ və Avropa Birliyinin iqtisadiyyatı düzəlmək bilmir. Məlumdur ki, avrozona ölkələri çətin durumdadır. Yunanıstan, Portuqaliya, İrlandiya, İspaniya, hətta İtaliya kimi nəhəng ölkələrin iqtisadi durumu xeyli aşağı düşüb. Nəticədə həmin dövlətlərdə işsizlərin sayı çoxalıb. Böhranın olmasının nəticəsidir ki, avrozona dövlətlərində səhmlərin və müəssisələrin qiymətləri də aşağı enib. Böhrandan çıxmağa çalışan ölkə hökumətləri dövlət xərclərini və insanların gəlirlərini azaltmaq yolu tutub ki, bu da vətəndaşlar arasında kəskin narazılıqla qarşılanır. Bunun nəticəsidir ki, İtaliya və Yunanıstan hökumətləri istefa verdi. İspaniyada seçkilərdə isə müxalifət qələbə çaldı. Fransa və Almaniya kimi nəhənglərin avrozonanın digər ərazilərini böhrandan xilas etmək cəhdləri isə hələlik uğurlu nəticə verməyib. Əksinə, proses daha da dərinləşməyə doğru gedir. Əksər ekspertlər hesab edir ki, avrozonada baş verən böhran birmənalı şəkildə dünya iqtisadiyyatında yeni bir mərhələnin yaranmasına gətirib çıxaracaq. Aydındır ki, avrozonada özünü göstərən böhran dünyanın digər məkanlarına da, o cümlədən təbii ki, Azərbaycana da təsir edəcək. Azərbaycan öz valyuta rezervlərinin 30 faizə qədərini avro ilə saxlayırsa, bu zonada böhranın davam etməsi və avronun məzənnəsinin aşağı düşməsi bütün hallarda bizim ölkənin iqtisadiyyatına da təsir edəcək. Avropa ilə ixrac və idxal potensialımız olduqca böyükdür. Bu gün Azərbaycanın ticarət dövriyyəsinin 65 faizi Avropa İttifaqının payına düşür. Bu da kifayət qədər böyük rəqəmdir. Ona görə də avrozonada baş verənlər sözsüz Azərbaycan iqtisadiyyatına təsir göstərəcək və göstərməkdədir. Okeanın o tayında da vəziyyət yaxşı deyil. Ekspertlər vurğulayır ki, ABŞ-da tənəzzül baş verəcəyi halda bunun Azərbaycan iqtisadiyyatına təsiri daha böyük olacaq. Məlumdur ki, böhran olarsa, bu ilk növbədə, ABŞ səhmlərinin qiymətlərinin aşağı düşməsilə nəticələnəcək. Beləliklə, yaranan vəziyyət Azərbaycanın dövlət ehtiyatlarına təsir göstərə bilər. Yəni səhmlərin qiymətinin aşağı düşməsi dövlət ehtiyatlarımızdan əldə edilən gəlirin azalmasına qətirib çıxara bilər. Digər tərəfdən, böhran dərinləşdiyi təqdirdə dolların məzənnəsi aşağı düşəcək. Ancaq əksər ekspertlərə görə, böhranın ikinci mərhələsi başlanarsa, bu, ilkin dövrlərdə Azərbaycan iqtisadiyyatına nisbətən az təsir göstərəcək. Çünki böhranın ikinci mərhələsinin, daha çox ABŞ, Avropa İttifaqı və Rusiyaya təsir edəcəyi gözlənir. Lakin sonradan vəziyyət dəyişə bilər.

Borc əlində aciz qalan Qərb dövlətlərinin ölkəmizlə xarici ticarətinin həcminin azalması gözlənir.

Səməd CƏFƏROV