Mətbuat Şurasının təqdimatı olmayan heç bir jurnalist ev almayacaq. Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycan jurnalistlərinin VI qurultayında çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisi bildirib ki, əlbəttə, hər bir mətbuat orqanı 3 nəfərin namizədliyini verib: "Lakin bu mərhələdə hər üç namizədə ev verməyəcəyik. Ən çox haqqı, xidməti olan jurnalistlər növbəliklə evlə təmin olunacaqlar. Bu evlərin verilməsi peşənizə məsuliyyətli olmaqdan başqa heç bir öhdəlik qoymur. Ev verdiyimiz jurnalistdən tələb olunmayacaq ki, sizə mənzil verildiynə görə İlham Əliyevi tərifləyin, müxalifəti pisləyin. Jurnalistlik missiyasını sizə biz verməmişik və biz də müəyyən etmirik. Biz hakimiyyət olaraq, medianın inkişafına hər cür dəstək verəcəyik, amma hər şey sizdən asılıdır".
Həsənovun sözlərinə görə, artıq Azərbaycanda "reket" medianın dairəsi daralıb: "Əvvəllər müstəqil mətbuatı saymaq çətin idisə, indi "reket" medianı saymaq çətinləşib. Artıq "reket" mediaya meydan yoxdur. Jurnalistlərə paylanacaq mənzillərin heç biri "reket" jurnalistlərə verilməyəcək. Belə şəxslər siyahıya düşə də bilməz. Çünki Mətbuat Şurasının nüfuzunu qorumalıyıq. "Reket" jurnalistikasının axırına çıxmaq həm də mətbuata lazımdır. Bu, vicdanlı jurnalistlərin başı dik gəzməsi üçün lazımdır. İnanın, hörmətli jurnalistlərimizin bir çoxu məclislərdə jurnalist olduğunu deməyə bəzən çəkinirdilər. Çünki "reket" jurnalistlər hörmət yeri qoymamışdılar. İrili-xırdalı bütün müəssisələrə daxil olub onları təhdid edirdilər. Amma vaxtilə belə olmadığını hamımız bilirik. Biz bu mərhələyə yaxınlaşırıq. Bunun üçün hər birimizin dəstəyinə ehtiyacımız var".
Mətbuat Şurasının fəaliyyəti haqqında danışan Ə.Həsənov bildirib ki, Şura bütün ölkə mətbuatının seçimi əsasında formalaşan yeganə qurumdur: "Biz də bu qurumu tanıyırıq. Mətbuat Şurası jurnalistlərin seçkili orqanıdır. Jurnalistlərlə bağlı qərarları siz verirsiniz, dövlət olaraq biz də buna hörmətlə yanaşırıq. Dövlət də Mətbuat Şurasının müraciət etdiyi bütün məsələləri müzakirə edir. Məsələn, dünən Nicat Dağların səhhətindəki problemlə bağlı Mətbuat Şurasının müraciəti dərhal müsbət dəyərləndirildi. Bundan başqa, dəfələrlə həbsdə olan, problemlərlə qarşılaşan jurnalistlərin müraciətləri müsbət həll olunub. Çoxlu sayda məhkəmə proseslərinin qarşısı alınıb. Əgər bir quruma son iki ildə 3500-dən çox müraciət daxil olubsa, deməli, bu təşkilat fəaliyyət göstərir və cəmiyyətdə öz yerini tapıb. Belə olan təqdirdə, MŞ-ni mediamızın ümumi orbitinə çevirmək lazımıdır".