İKT ilə bağlı Tədbirlər Planının icrasına start verildi
15 İyul 2013 13:16 (UTC+04:00)
Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planında
nəzərdə tutulan bütün bəndlərinin icrasına start verilib. Bu barədə
məlumatı Movqe.az-a Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq
Əmirov verib. M. Əmirovun sözlərinə görə, Tədbirlər Planında
nəzərdə tutulan bəndlərin icrası ilə bağlı müzakirələr aparılıb,
tövsiyyələr verilib: "Artıq Tədbirlər Planına uyğun olaraq "Mənim
Azərbaycanım" internet fotomüsabiqəsi elan edilib.
"E-hökumət"in inkişafı və e-xidmətlərin genişləndirilməsi ilə bağlı
ictimai müzakirə keçirilib. Mobil nömrələrin daşınması yaxın
vaxtlarda tətbiq ediləcək. Tədbirlər Planında nəzərdə tutulan bütün
bəndlərin demək olar ki, icrasına start verilib. Elektron mənzil
növbəsi və bölgüsünün tətbiqi ilə bağlı , uşaqlar üçün "Təhlükəsiz
internet" üzrə tədbirlərin görülməsi, ictimai yerlərdə
ödənişsiz WiFi zonalarının yaradılması, Distant təhsilin inkişaf
etdirilməsi və sair bəndlərdə nəzərdə tutulan tədbirlər il ərzində
həyata keçiriləcək".