Pandemiya fəlakəti hələ bitməyib...

8 May 2020 09:10 (UTC+04:00)

Mayın 4-dən etibarən Azərbaycanda bəzi iş sahələrinin fəaliyyətinə karantin fonunda yaşıl işıq yandırılıb. Təbii ki, hökumət bütün sahələrdə qadağaların ləğv edilməsində maraqlıdır. Lakin biz bu təcrübənin bir sıra ölkələrdə, o cümlədən inkişaf etmiş Avropa ölkələrində necə acınacaqlı nəticələndiyini bilirik. Bu səbəbdən nə qədər cansıxıcı olsa da, iqtisadiyyatımıza nə qədər ziyan vursa da, hökumət əhalinin sağlamlığının qorunmasının əsas şərt olmasını rəhbər tutaraq son dərəcə ehtiyatlı tərpənməyə meyillənib.

Qəbul edilmiş şüarlarda göstərilir, habelə təcrübə də sübut edir ki, pandemiyalarla mübarizə mütləq mənada birgə mübarizəni ehtiva edir. Yəni, hökumətin, tibb müəssisələrinin tədbirlərə vətəndaşlar tərəfindən düzgün riayət olunmalı, hamı bir nəfər kimi qaydalara əməl etməlidir. Təəssüf ki, mayın 4-dən başlanan yumşaltmalar insanlar arasında fürsətcilik yaradıb və sanki heç nə olmamış kimi hamı əvvəlki həyatın dönəminə qayıdıb. Sanki bir neçə gün əvvəl maskalarda gəzən və addımbaşı dezinfeksiya məhsullarından istifadə edənlər bu adamlar deyildilər. Nəticə isə özünü çox gözlətməyib: son iki gündə koronavirusa yoluxanların sayında kəskin sıçrayış baş verib. 

Azərbaycanın baş infeksionisti Cəlal İsayev bu artıma münasibət bildirərkən deyib ki, səbəb vətəndaşların verilən tövsiyələrə əməl etməməsidir: “Mayın 5-də koronavirusa yoluxanlarının sayının kəskin artmasına səbəb vətəndaşların verilən tövsiyələrə əməl etməməsidir. Aprelin 27-dın sonra Azərbaycanda vəziyyət stabilləşmişdi. Hamı da bundan sevinirdi ki, may ayında virusa yoluxanların sayında azalma müşahidə olunar və ayın sonuna yaxın da hissə-hissə karantindən çıxarıq. Amma görürsünüz ki, rejimə əməl edən yoxdur, tövsiyələrə məhəl qoymurlar. Əhalinin bir hissəsinə işə çıxmasına icazə verilib. İşə gedənlərlə yanaşı, SMS-lə icazə alıb evdən çıxanlar da var. Onlar 3 saat müddətində ictimai nəqliyyatdan istifadə edirlər. Avtobusda isə maska taxmırlar, ara məsafə gözləmirlər. Bütün bunlar birbaşa xəstələrin sayının artmasına səbəb olur. Məsələn, o gün bankın qarşısında böyük növbənin şahidi oldum. Vətəndaşlar bir-birinə qarışıb, üstəlik də heç biri maska taxmayıb”.

Cəlal İsayev insanları vəziyyəti başa düşməyə çağırıb: "Əgər biz yay mövsümünü rahat keçirmək istəyiriksə, qərargahın verdiyi tövsiyyələrə əməl etməliyik. Əməl olunmasa tədbirlər ola bilər ki, yenidən sərtləşdirilsin və yumşalmalar ləvg edilsin”.

Bu günlər müxtəlif KİV-lərdə sorğular keçirilir, insanların koronavirusa münasibətləri haqda təhlillər aparılır. Sorğuların birinin nəticəsində rəy bildirənlərin münasibəti göstərir ki, Azərbaycan əhalisinin 60 faizə yaxını pandemiyadan qorxmur. Hökumətin gördüyü sərt və qabaqlayıcı tədbirlər, habelə göstərilən qayğı  insanlarda belə bir inamın baş qaldırmasına səbəb olmuşdu. Açığı, bəzən vətəndaşlarımızın kütləvi sürətdə dezinfeksiyaedici vasitələrdən istifadə etməsi təəccüb doğururdu.

Amma bu çox fərəhləndirici hal idi. Çünki qaydalara əməl edilməsi, mübarizədə mütəşəkkil surətdə iştirak etmək, hökumətin tədbirləri ilə həmrəy olmaq cəmiyyətdə gözəl ab-hava yaratmışdı. Amma təəssüf ki, bəziləri bunu hərtərəfli qiymətləndirə bilmədi və nəticədə yumşalmalar, qəbul edilmiş qadağaların tam ləğvi, pandemiyanın bitməsi kimi qavrandı. Nəticədə yoluxmaların sayının artması baş verdi. 

İndi koronavirusun ikinci dalğası barədə mütəxəssislər xəbərdarlıq edirlər. Bir çox ölkələrdə artıq bu proses başlayıb. Azərbaycanda da say artımı bundan xəbər verir. Buna görə də sayıqlığı itirmək yeni bədbəxtliklərin baş verməsinə şərait yaratmaq deməkdir. Təsadüfi deyil ki, sosial şəbəkə istifadəçiləri olan sıravi vətəndaşlar da həyəcan təbili çalır, maska taxmamağa və bir yerdə toplaşmağa görə cərimələrin tətbiqinin sürətləndirilməsinə çağırışlar edirlər. Çünki insanlar təhlükəsiz həyat tərzi arzulayırlar. Yoxsa, hər gün küçəyə yoluxmaq təhlükəsi ilə çıxmaq həyatımızı çətinləşdirir. Cəmiyyətimizdə sabitliyi qorumaq üçün qadağalara və qorunmalar üzrə qaydalara əməl edilməsi zəruridir.

N.NOVRUZ