Sürücülərə xəbərdarlıq: Güzəşt yoxdur, 1 aya ödəyin, yoxsa...

8 May 2020 12:28 (UTC+04:00)

Aprel ayının 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49001 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Təkcə ötən gün ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 615 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Mövqe.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

O qeyd edib ki, cərimələrin üzərinə faiz gəlmir: "Cərimələr bir ay müddətində ödənilməlidir. Bütün cərimələrlə bağlı bir ay vaxt verilib. Bu, yol hərəkəti qaydaları ilə bağlı inzibati xəta hesab olunmadığına görə üzərinə faiz tətbiq olunmur. Amma bir ay müddətində ödəbilmədiyi halda məcburi olaraq icraya yönəldiləcək".