Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mövqe.az məktubun mətnini təqdim edir.
“Bu çətin zamanda milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram”.
***
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
COVID-19 pandemiyası ilə bağlı bu çətin zamanda yaranmış xoş fürsətdən istifadə edərək, şəxsən Sizə əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və firavan gələcək dolu ən gözəl arzularımı çatdırıram”.
***
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan öz dövlətçiliyinin möhkəmləndirilməsində, xalqının rifahının yaxşılaşdırılmasında və beynəlxalq arenada nüfuzunun artırılmasında mühüm tərəqqiyə nail olub. Bununla əlaqədar olaraq, ölkənizə daim inkişaf etməyi və Sizin rəhbərliyinizlə yüksək nailiyyətlərə çatmağı arzulayıram.
Əminəm ki, Qazaxıstan ilə Azərbaycanın ənənəvi dostluq və həmrəylik üzərində qurulan strateji münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifənizdə Sizə böyük uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzu edirəm”.