Milli Suranın Koordinasiya Mərkəzindəki son video-müzakirələr onu göstərdi ki, bu qurum sözdə demokratiyadan dəm vursa da, reallıqda demokratik dəyərlərə hörmətlə yanasmır. Həmin qurum bir tərəfdən guya insan azadlığını əsas tutur, digər tərəfdən quruma üzv olanlar hər çıxışlarında sıravi insanları, başqa siyasi təşkilatları aşağılamaq, təhqir etmək, böhtan atmaqdan, lağa qoymaqdan həzz alır.
Həmin videogörüntü göstərdi ki, Milli Şura adlanan qurum sadəcə olaraq öz cərgəsində olmayanlara böhtan atmaqla məşğuldur. Proses təsdiqlədi ki, MŞ siyasi mübarizədən daha çox siyasi intriqalara üstünlük verir. Şuranın üzvü Gültəkin Hacıbəyli İsmayıl adlı birisinin cinsi oriyentasiyasını ortaya ataraq mühüm məsələ kimi qabardıb. Deməli, bu qurumu siyasi mübarizə yox, LGBT xarakterli insanlarla çəkişmələr daha çox maraqlandırır. Belədə cinsi azlıqları lağa qoymaq, insan ləyaqətini aşağılayan fikirlər səsləndirmək və Hitlerin onları qırıb qurtarmamasına təəssüflənməklə qurum üzvləri neonasizmi təbliğ ediblər. Hətta vəziyyət o həddə çatıb ki, MŞ alimləri təhqir etməkdən belə çəkinmir. MŞ-da baş verə bu acınacaqlı durum orada yeni-yeni istefalara gətirib çıxarıb. Belə ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin ardınca, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı da buradan istefa verdi.
Milli Şuranın son video-müzakirələrində Azərbaycan xalqının bu qurum tərəfindən aşağılanması da əksini tapdı. Gültəkin Hacıbəyli və Vidadi Mirkamalın mövqeyində bu, özünü daha aydın göstərdi. Politoloq Cümşüd Nuriyevin fikrincə, Milli Şura üzvlərinin Azərbaycan xalqına münasibətdə sərgilədiyi bu çirkin mövqe həmin qüvvələrin antixalq mövqeyində durdurlarının əyani təsdiqidir: “Milli Şura üzvlərinin bu eybəcər hərəkəti əslində, aqoniyadan doğan bir haldır. Qurum üzvləri çox çalışdı ki, xalqı təxribata yönəltsin. Bu alınmadığından indi də keçiblər təhqirə. Xalqımız bu təhqirə layiq deyil.
Xalqı təhqir nədir, heç tənqid etməyə onların nəinki ixtiyarı, mənəvi haqları belə yoxdur. 1992-ci ildə hakimiyyətə yiyələnmək üçün bir sıra torpaqlarımızı verdilər. 1992-ci ildə hakimiyyətə gəlməklə onlar Azərbaycanı növbəti bəlalara sürüklədilər, Kəlbəcəri verdilər. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ona qarşı mübarizədə də həmin çirkin metoddan istifadə edərək bu qüvvələr 6 rayonu təhvil verdilər. İnsanda gərək abır-həya olsun. Milləti təhqir etmək deyil, ona hörmət etmək lazımdır. Milli Şurada toplananlarda isə bu keyfiyyətlər yoxdur. Onlar yalnız bir məqsədə qulluq edirlər, bu əməl də millətə pislik etməkdən ibarətdir. Belədə sözügedən qüvvələr təəssüf ki, indi də həmin çirkin siyasətlərini davam etdirirlər. Bu azmış kimi, indi də milləti təhqir etməyə başlayıblar. Onlar bir dəstə üzdəniraqların ümidinə qalıblar. Bu üzdəniraqlar halbuki onları təbliğ edənlər idi. Yeganə ümid yerləri onlar idi. İndi isə MŞ-da oturanlar onları da söyməyə başladılar ki, guya bu yolla cəmiyyətdə hörmət qazanacaqdılar. Amma proses göstərdi ki, belə hərəkətlərilə Milli Şura üzvləri olan-qalan nüfuzlarını da itirdilər. Onsuz da bu dar düşüncəli şəxslərin həmin hərəkətə gedəcəkləri gözlənilirdi. Hadisələrin gedişi də göstərdi ki, bu məsələdə haqlıyıq.
Sözdə mədəniyyətdən dəm vuran MŞ üzvləri utanmadan Azərbaycan alimini də təhqir edib. Azərbaycan professoruna uzunqulaq deyən Əli Kərimlinin müavinindən nə gözləmək olar? Bir sözlə, Milli Şura üzvləri birmənalı şəkildə Azərbaycan xalqına onların maraqları naminə çalışmadıqlarını, yalnız öz şəxsi mənafelərini qoruduqlarını bəyan etdilər. Bu qüvvələr xaricdən qrant alır və ona görə də xarici ölkələrdəki Azərbaycanı sevməyən qüvvələrin çaldığına oynayırlar. Radikal müxalifətin biznesi də xarici mühacir alveri üzərində qurulub. Çöküş olanda bu qüvvələr həmişə aqoniyada olur. Milli Şura da artıq aqoniyadadır. Kim onlar barəsində bir söz deyir, dərhal trollarını ortaya atıb, söyüş, əxlaqsızlıq, tərbiyyəsizlik, mədəniyyətsizliyi yayırlar. Bütün bu çirkin keyfiyyətlər Milli Şurada toplanıb. Onlardan açığı, başqa bir şey gözləmirdim, indi də gözləmirəm. Xalqı, onun nümayəndələrini təhqir etmək və bu zaman söyüş ritorikasından istifadə etmək Milli Şura üzvlərinin xislətindədir. Xalqını sevən insan heç zaman onu aşağılamaz, təhqir etməz. Əksinə, hər zaman çalışmalıdırlar ki, xalqını yüksəkdə saxlasın. Amma Milli Şura xalqı təhqir etməklə xalqın, dövlətin deyil, öz şəxsi maraqlarını hər şeydən üstün tutduqlarını bir daha ortaya qoydu”.
R. SOLTANOV