Dünyanın ən çox evlənən cütlüyü

22 İyul 2013 12:44 (UTC+04:00)

106 dəfə evləniblər REKORD


Amerikalı Devid və Loren Bler dünyada ən çox "evlənmiş" ər-arvad kimi tanınıb. Bu nə deməkdir? "Daily Mail" nəşrinin verdiyi məlumata görə, məsələ bundadır ki, bu cütlük birgə həyat sürdükləri 30 il ərzində 106 dəfə "evlənib". Bu, planetdə yeganə ailədir.


Tennesi ştatından olan Devid və Loren 1982–ci ildə tanış olub, bir müddət görüşdükdən sonra evlənməyi qərara alıblar. Yeri gəlmişkən, onların evlənməsi dərhal baş tutmayıb.


Devid Bler ilk dəfə Lorenə evlənməyi təklif edəndə qız əvvəlcə "Hə" deyib, lakin sonra fikrini dəyişib.


Loren yalnız öz rəfiqəsinin toyunda gəlinin atdığı gül dəstəsini tutandan sonra qərarını dəyişib. O, sevgilisi ilə 1984-cü ildə ilk dəfə nikah bağlanıb. O vaxtdan bu ər-arvad nəinki bir-birindən ayrılmamış, üstəlik, mütəmadi olaraq bu təntənəli mərasimi təkrarlayıblar.


Son 30 ildə Blerlər ailəsi Londonda və Nyu-Yorkda, Şotlandiyada, Las-Veqasda, Elvis Preslinin doğulduğu yerdə, hətta "Romeo və Cülyetta" tamaşasında da toy ediblər. Bu cütlük ildə bir neçə dəfə nikah mərasimi keçirir. Bundan ötrü onlara xüsusi bəhanə lazım deyil. Adətən onlar hər il Müqəddəs Valentin Günündə, Yanvarın 1-də səhər, Milad ərəfəsində və fevralın 29-da (dörd ildə bir dəfə) toy edirlər.


Blerlərin növbəti nikah mərasimi avqustun 4-ə təyin edilmişdir. Artıq yaşa dolmuş cütlüyün yaxın tanışları 107-ci dəfə "Səni mənə arvad edək, razısan?" sualına qəlbləri riqqətə gətirən "Hə, hə!" cavabını eşitmək şansını səbirsizliklə gözləyirlər.