İctimai Palata yalan məlumat yayır
3 Aprel 2012 19:52 (UTC+04:00)
"Onlar bu yolla cəmiyyətdə müxalifətin bir yerdə olması ilə
bağlı rəy yaradırlar, ancaq əslində müxalifətin bir yerdə olmaması
üçün çalışırlar"
Azadlıq Partiyasının sədri İctimai Palatanı yalan məlumat yaymaqda
ittiham edir. "İctimai Palatanın koordinasiya şurası bəyan edir ki,
guya digər müxalif qüvvələrlə fəaliyyətlərini koordinasiya edirlər,
lakin bu, yalandır. İctimai Palata nə indiki aksiyası ilə bağlı, nə
əvvəlki aksiyalarında heç vaxt bizim təmsil olunduğumuz Demokratik
Cəmiyyət Uğrunda Müqavimət Hərəkatına heç bir müraciət etməyib", -
bunu Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc İctimai
Palatanın planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib.
O bildirib ki, ancaq mətbuatda isə guya belə danışıqların,
koordinasiyanın olması barədə yalan rəy verirlər.
"Lakin biz onları tədbirlərimizə dəvət edirik, ancaq onlar iştirak
etmir və öz tədbirlərinə də bizi dəvət etmirlər. Onlar bu yolla
cəmiyyətdə müxalifətin bir yerdə olması ilə bağlı rəy yaradırlar,
ancaq əslində müxalifətin bir yerdə olmaması üçün çalışırlar", -
partiya sədri deyib.
Onun sözlərinə görə, İctimai Palataya toplaşan siyasi qüvvələr 20
ildir cəmiyyəti aldatmaqla məşğuldurlar.
"8 aprel aksiyasında 20 ildir öndə olan eyni şəxslər, eyni
şüarlardır. Onlar artıq cəmiyyəti bezdiriblər, onlara heç bir inam,
heç bir ümid yoxdur. Onların yanında olan funksionerlərin böyük bir
qismi maaş ilə saxlanılan və ya çarəsiz olaraq bunların ətrafında
qalmış adamlardır", - Oruc bildirib.