Təcavüzkar Ermənistanın növbəti təxribatı

23 İyul 2020 12:36 (UTC+04:00)

 12.07.2020 tarixində Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz  rayonunda yerləşən mövqelərimizi ələ keçirmək məqsədilə ağır artilleriyadan istifadə edərək hücuma keçməyə cəhd göstərmişdir. Həmin istiqamətdə gedən döyüşlər zamanı  Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində düşmənin qarşısı qətiyyətlə alındı və düşmənə ağır zərbələr endirildi. Azərbaycan-Ermənistan dövlət sərhədində döyüşlər bir neçə gün davam etmişdir. Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisindəki avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.  Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə döyüşlər zamanı Ermənistan Ordusunun şəxsi heyəti çoxsaylı itki verib. Həmçinin Azərbaycan Ordusunun General-mayoru Polad İsrayıl oğlu Həşimov, Polkovnik İlqar Anzor oğlu Mirzəyev, Mayor Anar Gülverdi oğlu Novruzov, Namiq Hajan oğlu Əhmədov olmaqla 12 hərbi qulluqçumuz şəhid olmuşdur. Əsgər və yüksək rütbəli bir neçə zabitimiz qəhrəmancasına şəhid olsa da, qanları yerdə qalmadı, qisasları alındı. Bu hadisələr ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyini yenidən təsdiq etdi. Azərbaycan ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun qarşısında aciz və cılızdır. 
       Döyüşlər nəticəsində həmçinin  dövlət əmlakına , kəndlərə,  o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. Prezidenti İlham Əliyevin “Tovuz rayonunun Ermənistan Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır Hazırda mütəxəssislər hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti öyrənilir,müvafiq müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyan tam həcmdə müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, zərər vurulmuş obyektlərin və yaşayış evlərinin tam bərpası işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər ölkə prezidentinə təqdim ediləcəkdir.
       Döyüşlər zamanı Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində, həmçinin ölkənin digər şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyaları keçirilib. Əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq "Qarabağ", "Qarabağa azadlıq" şüarlarını səsləndiriblər. Əsasən gənclərin iştirak etdiyi aksiyada  hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Tovuz döyüşləri göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti millətimiz qətiyyətlə müdafiə edir.

FİDAN NƏBİYEVA
Nəsimi RİH  könüllüsü