Ordumuz ona veriləcək bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirə biləcək qüdrətə malikdir

31 İyul 2020 16:00 (UTC+04:00)

         Bu gün Azərbaycan sözün əsl mənasında, bölgədə ən yüksək mövqeyə malik bir ölkədir. Bu mövqeni şərtləndirən mühüm amillər böyük iqtisadi potensial və güclü ordudur. Güclü ordu güclü dövlət deməkdir. Güclü orduya malik olmayan bir dövlət müstəqilliyini və mövcudiyyətini uzun müddət qoruyub saxlaya bilməz.
         Hər bir sahədə olduğu kimi nizami milli ordunun yaradılması işində  ulu öndər Heydər Əliyev misilsiz xidmətlər göstərmişdir. Ermənilərin torpaqlarımıza ardı kəsilməz hücumu zamanı Heydər Əliyev qorxmadan, çəkinmədən yeni yaranmış və silahla yaxşı təchiz olunmamış ordumuzla çiyin çiyinə savaşdı.  Onları ruhlandırdı və Vətənin ağır zamanında onu yalnız qoymamağa səslədi. Zaman keçdikdə ordumuz gücləndi, inkişaf etdi və vahid rəhbərlikdən idarə edilən güclü struktura malik qüvvəyə çevrildi. Ulu öndər çıxışlarından birində qeyd edirdi: ”Azərbaycanın dövlət quruculuğunda əsas yerlərdən biri güclü ordumuzun yaradılmasıdır...”. 
Heydər Əliyevin Respublikamıza rəhbərliyi dövründə Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim və Tədris Mərkəzi, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Azərbaycan Dövlət Tibb Universitetinin nəzdində hərbi tibbi fakültə, orta hərbi tibb məktəbi, habelə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı.
Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də ordumuzun inkişafı üçün mühüm addımlar atılmaqdadır. Azərbaycan Ordusunun beynəlxalq standartlar, xüsusilə NATO səviyyəsində inkişafı üçün bütün zəruri işlər xüsusi diqqətlə yerinə yetirilir. Ordu quruculuğunun, peşəkarlığın daha da artırılması üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə həyata keçirilir. Prezident İlham Əliyevin ordu quruculuğunda gördüyü ən mühüm işlərdən biri də hərbi sənayenin yaradılması ilə bağlıdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. 
Bu gün hər bir vətəndaşımız bilir ki, sülh yolu ilə torpaqlarımızın geri qaytarılmasının mümkünsüzlüyü qəbul edilərsə,məsələnin həllində yeganə güc məhz Azərbaycan ordusudur. Düşmən bunu dərk edir və Azərbaycan ordusunun qazandığı hər bir uğur onları daha çox qorxuya salır. 2016-cı ilin aprel qələbəsi sübut etdi ki ordumuz işğal olunuş torpaqlarımızı azad etməyə hər an hazır və qadirdir. Döyüş zamanı əldə edilən zəfərlərdən biri də Lələtəpə Yüksəkliyinin alınması oldu. Nəticədə Füzuli Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad olunmuş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Eyni zamanda 2020-ci ilin 12 iyul tarixində erməni qüvvələrinin sərhəddi pozaraq hücuma keçmək istəməsinin qarşısının alınması, düşmənə lazımi cavabın verilməsi göstərdi ki, artıq Azərbaycan ordusu 1992-ci ildəki kimi pərən-pərən, silahsız və təlimsiz deyil. Bunun nəticəsi olaraq  səngərdə məğlub olan Ermənistan təxribata əl atır və yalan məlumatlar, şayiələr yayaraq Azərbaycanı beynəlxalq arenada gözdən salmağa çalışır. Lakin Azərbaycan bütün bunlara cavabını səngərdə ordumuzun düşmən təxribatına və hücumlarına qarşı  vurduğu sarsıdıcı zərbələrlə verir.
Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır vəziyyətdə olan yüksək nizam-intizama malik bir ordudur. Buna baxmayaraq, ordu quruculuğu prosesi uğurla davam etdirilir. Bu gün Azərbaycan Ordusu sözün həqiqi mənasında bölgədə ən güclü ordudur. 2017-ci ildə ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinin verdiyi məlumata görə, Azərbaycan Silahlı qüvvələri dünya ölkələrinin hərbi sıralamasında 58-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. Azərbaycan ordusu ona veriləcək bütün əmr və tapşırıqları müvəffəqiyyətlə yerinə yetirə biləcək qüdrətə malikdir, bu bizi düşmən qarşısında güclü və yenilməz edən əsas xüsusiyyətdir.


Şəmilova Dünya 
Nəsimi rayon gənci