Azərbaycan xalqı və qəhrəman oğullarımız ata-babalarımızın bizə əmanət etdiyi müqəddəs vətən torpaqlarını hər an düşməndən qorumalı və onun müdafiəsi üçün hər an hazır olmalıdır.
Keçən əsrin əvvəllərində Azərbaycan torpaqlarında qəbul edilmiş müəyyən şərtlər daxilində özünə dövlət quran bu mənfur xislətli ermənilər verdikləri vədlərin heç birinə əməl etməyərək zaman-zaman bizə torpaq iddiası edərək havadarlarının dəstəyi ilə ərazilərimizi işğal etmişlər. Son 30 ilə yaxın bir müddətdə işğalda olan torpaqlarımızı azad etməyə qadir olan güclü ordumuz var. Bu ordunun qəhrəman hərbi qulluqçuları ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyən işğalçı Ermənistana hər zaman tutarlı cavab verməyə qadirdilər. Vətən uğrunda Şəhidlik zirvəsinə yüksəlmiş Mübariz İbrahimovlar, Fərid Əhmədovlar, Polad Həşimovlar, İlqar Mirzəyevlər və çoxlu sayda canlarını qurban vermiş vətənpərvər oğul və qardaşlarımız xalqımız və gənc nəslimiz üçün qəhrəmanlıq göstərərək şanlı tarix yazmışlar. Onlar hər bir Azərbaycan vətəndaşının fəxri və qürur mənbəyidir.
Bu gün Silahlı Qüvvələrimizin sıraları daha da sıxlaşır, texniki təchizatı müasirləşir. Azərbaycan ordusu dünya silahlı Qüvvələrinin reytinqində 50-ci pillədə qərərlaşır. Dövlətimizin Silahlı Qüvvələrimizə diqqəti və qayğısı xalqımızın ordumuza olan inamını artırmışdır.
12 iyul tarixində Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində atəşkəsin erməni təxribatçıları tərəfindən pozulması zamanı xalqımız bütövlükdə Silahlı Qüvvələrimizə və Ali Baş Komandana dəstək yürüşü keçirərək bir daha dünya ictimaiyyətinə xalqın, ordunun və Ali Baş komandanın torpaqlarımızın müdafiəsində birlik olduğunu sübut etdi.
Ali Baş Komandan İlham Əliyevin çağrışına səs verən 55130-dan çox vətəndaşın Səfərbərlik və Hərbi xidmətə Çağrış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçməsi Azərbaycan xalqının vətənpərvərlik ruhunun yüksək olmasını bir daha sübut etdi.
Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz Ali Baş Komandanın çağrışına səs verərək Vətənin müdafiəsi üçün hazır olduqlarını bildirdilər. Erməni səfirliklərinin qarşısında təşkil olunan mitinq və yürüşlərdə fəal iştirak edərək “Qarabağ Azərbaycanındır”, “Erməni işğalına son”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik” kimi şüarlar səsləndirirdilər.
Bütün bunlar Azərbaycan xalqının öz Prezidenti- Ali Baş Komandan İlham Əliyevə və Şanlı Ordumuza inamının güclü olduğunu bir daha sübut edir.
Nazir Əhmədov
Nəsimi rayon təhsil işçisi