Gənclər milli musiqilərdən uzaq düşürlər

1 Avqust 2013 15:43 (UTC+04:00)

Gülyanaq Məmmədova: "Hər dövrdə gənclər daha çox xarici musiqiləri dinləməyə üstünlük veriblər"


Milli musiqilərə gənc nəsil arasında əvvəlki səviyyədə marağın olmaması danılmaz həqiqətdir. Heç şübhəsiz ki, bunun ümdə səbəblərindən biri texnologiyaların sürətlə inikşaf etdiy indiki şəraitdə gənclərin daha çox musiqi növlərinə v əməkanlaoırpna çıxış əldə etməsidir. 

Mövqe.az-a açıqlamasında məsələ ilə bağlı bəstəkar Ülviyyə Vəliyeva qeyd edir: "İndiki gənclərdə bəstəkar mahnılarına maraq azalıb. Bu, danılmaz həqiqətdir. Səbəb olaraq gənc ifaçıların sənətdən çox, maddiyyatı düşünmələridir. Amma müğənni əvvəl sənəti üçün işləməlidir ki, sonra sənəti və adı ona işləsin. İlk gündən sənəti bir qırağa qoyub madiyyat arxasınca qaçılan yerdə nə sənətdən, nə keyfiyyətdə, nə də ki, zövqdən danışmaq olar. Xalq mahnılarına gəldikdə isə deməzdim ki, xalq mahnılarına maraq azalıb. Əksinə, xalq mahnılarımızı yeni interpretasiyalarda təqdim edirlər. Bəzi ifaçılarımızda bu heç də pis alınmır. Heç olmasa, xalq musiqimizi yaşadırlar. Baxmayaq ki, toy xatirinə bunu edirlər. Bilirsiniz necədir, mən düşünürəm ki, bu gənclərin özündən asılıdır. Hərənin bir zövqü var. Hərə bir musiqini dinləyir. Zövqsüz musiqiyə qulaq asmaq məcburiyyəti heç kimə qanun kimi qoyulmur və qoyula da bilməz. Radionu dinləyəndə, televiziya kanallarını izləyəndə mənim, eləcə də başqa birinin xoşu gəlməyən mahnı səslənəndə, mən o dalğanı, kanalı dəyişirəm. Düzgün musiqinin aşılanması ilk öncə ailənin üzərinə düşür. Sonra artıq uşaq, gənc özü bilir hansı musiqiyə qulaq asmaq doğrudur. Ona görə də ifaçılarımız elə mahnılar oxusunlar ki, onları eşidəndə dalğanı dəyişməyək". 

Əməkdar artist Gülyanaq Məmmədova isə bildirir: " Mən hesab etmirəm ki, bu gün xalq və ya bəstəkar mahnılarına, muğamlarımıza maraq azalıb. Xeyr, bu belə deyil. Bəlkə mən hər gün universitetdə minlərlə tələbə görürəm, ona görə məndə belə fikir formalaşıb ki, gənclərimiz muğamımızı, xalq mahnılarımızı çox sevirlər və sevə-sevə dinləyirlər. Amma sizə bir şey deyim ki, bu gün internet çox geniş vüsət alıb və hər dövrdə də elə gənclər daha çox xarici musiqiləri dinləməyə üstünlük veriblər. Bəlkə bu səbəbdən deyirlər ki, bu gün gənclərdə xalq mahnılarımıza və ya muğamlarımıza maraq azalıb. Ancaq mən elə düşünmürəm".