Əhməd Əhmədzadənin qurumundan açıqlama:" Arazın suyu bərabər bölüşdürülməlidir"
1 Avqust 2013 16:11 (UTC+04:00)
"Iranın Şərqi Azərbaycan vilayətinin qərbində
yerləşən Culfa şəhərində Araz çayının suyunun Urmiyə gölünə
axıdılması layihəsinin icrasına başlaması xəbəri Azərbaycanın kənd
təssərrüfatı sahəsində ciddi problemlər yarada bilər". Bu sözləri
Movqe.az-a açıqlamasında Kənd Təssərrüfatı Nazirliyinin şöbə müdiri
Sabir Vəliyev söyləyib. S. Vəliyev bildirib ki, Araz çayının
suyunun Urmiyə gölünə axıdılması Arazın suyunun azalmasına gətirib
çıxardarsa, suvarma ilə bağlı yaranan problem məhsuldarlığa da
sonucda təsir edə bilər. S. Vəliyevin sözlərinə görə, Azərbaycanın
bir sıra bölgələrindəki suvarma sistemləri Araz suyundan
bəhrələnir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin Su Anbarlarının və Hidroqovşaqlarının İstismarı
sektorunun müdiri Abdulrəhim Hacıyev Movqe.az-a açıqlamasında
söyləyib ki, Araz suyunun istismarı ilə bağlı İran tərəfi ilə
Azərbaycan arasında müqavilə var. Həmin müqavilə Araz suyunun
bölüşdürülməsini özündə etiva edir. A. Hacıyevin sözlərinə görə, bu
müqavilədə Arazın suyunun yarısının Azərbaycan, yarısının İran
tərəfinin istifadə etməsi göstərilib. Amma, A. Hacıyev deyir ki,
əgər İran tərəfi bu müqaviləni pozarsa bunu yalnız Arazın suyu
Azərbaycan tərəfdə azaldığı təqdirdə bilmək mümkündür. Çünki,
İranın nə qədər su işlətdiyini, Arazın suyundan nə qədər
götürdüyünü ölçmək mümkün deyil. A. Hacıyev deyir ki, Arazın suyu
Azərbaycanda Naxçıvandan başlayaraq, işğal altında olan
rayonlarımız, Muğan zonası, Beyləqan daxil olmaqla onlarla
rayonlarımızdakı suvarma sistemlərimizi qidalandırır. A. Hacıyev
bildirir ki, İran bərabər bölgü aparmazsa, Arazın suyunun əksər
hissəsini özü istifadə edərsə, həmin suvarma sistemlərimiz susuz
qala bilər. Qeyd edək ki, xəbərlərə görə, Iranın Şərqi Azərbaycan
vilayətinin qərbində yerləşən Culfa şəhərində Araz çayının suyunun
Urmiyə gölünə axıdılması layihəsinin icrasına başlanılıb. Layihədə
məqsəd 22 şəhər və 286 kənddə əhalinin suya olan tələbatını ödəmək,
Urmiya gölünü lazımi miqdarda su ilə təmin etmək və layihə
ərazisində əkin sahələrinin müasir metodlarla suvarılmasına şərait
yaratmaqdan ibarətdir. Qeyd edək ki, Urmiya gölünün sahəsi təxminən
6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən
fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən
Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə
bitkilərə deyil, heyvanlara da təsir göstərir. İran Prezidenti və
hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz
çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması
layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon
kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin
reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması
planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya
gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə
ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf
Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə, Urmiya
gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar
məbləğində maliyyə yardımı ayırıb. Bundan əvvəl İranın Energetika
Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş
İdarəsinin direktoru Cabbar Vətənfədar demişdi ki, Araz çayının
suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr
çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə
müzakirələr aparılacaq.