Rövnəq Abdullayev: "Siz niyə belə hay-küy salmısız?"
2 Avqust 2013 13:25 (UTC+04:00)
AFFA prezidenti Rövnəq Abdullayev Avropa Liqasının III təsnifat
mərhələsində keçirilən "Qarabağ" – "Gelfe" matçından sonra
jurnalistlərin suallarını cavablandırıb.
- Qarşılaşma sizdə hansı təəssüratlar yaratdı?
- Əla oyun oldu. Bu cür oyun nümayiş etdirdikləri üçün "Qarabağ"a
"çox sağ ol" deyirəm. Fikrimcə, çox qol vura bilərdik. Amma
alınmadı.
- Avrokuboklarda cəmi bir komandamız qalıb. "Qarabağ"ın qrup
mərhələsinə düşəcəyinə inanırsınızmı?
- İnamsız yaşamaq olmaz. Gərək, hər zaman inanasan.
- 1 həftə sonra İsveçdə keçiriləcək cavab matçını izləməyi
düşünürsünüzmü?
- Bu haqda dəqiq bir söz deyə bilmərəm. Ancaq əminəm ki, Qurban
Qurbanov bizi səfərdəki oyunda da qələbəylə sevindirəcək. Bu oyuna
əsaslanıb deyə bilərəm ki, komandamız səfərdə də özünü yaxşı
tərəfdən göstərəcək.
- Yığmanın baş məşqçisi Berti Foqts Almaniya mətbuatına
müsahibəsində klubdakı həmkarlarının ondan incidiyini deyib...
- Normal fikirdir. Siz niyə belə hay-küy salmısız? Hələ qarşıda 3
rəsmi oyunumuz var. Həmin görüşlər keçirilməli, baş məşqçi
müqaviləsinin sonuna qədər işini yerinə yetirməlidir. Hara
tələsirsiniz? Siz insanı oyunqabağı həvəsdən salırsınız.
- Foqts 5 il ərzində gördüyü işləri 3 oyunla dəyişəcək?
- 5 il ərzində nə iş görməli idi? Əvvəllər maksimum 5 xal
toplamağımıza görə sevinirdik. Onun başçılığı altında yığma qrup
oyunlarındakı xallarının sayını 7-yə yüksəltdi. Halbuki, 20 ildə ən
yaxşı göstəricimiz 5 xal idi.
- "Qarabağ"ın heyətində yaxşı oyununa görə adını xüsusi qeyd etmək
istədiyiniz futbolçu varmı?
- Hamısı yaxşı oynadı. Bu cür oyunu səfərdə də nümayiş etdirsələr,
qələbə qazanacağıq.