Mənzil alqısının sığortalanması aktuallaşır

2 Avqust 2013 17:00 (UTC+04:00)

Samir Əliyev: "Burada əsas mahiyyət ondan ibarətdir ki, alıcıya məxsus pay hissəsi müqavilə bağlandığı zaman həm də sığortalanır"


Daşınmaz əmlak bazarında hələ də tam çözümünü tapmayan problemlərdən biri aldanmış payçılarla bağlıdır. Düzdür, son dövrlərdə bu qəbildən olan hallara rast gəlinməsə də, məsələnin narahatverici tərəflərindən biri əvvəlllər belə halla üzləşənlərin hələ də mənzil hüququnun  pozulmuş şəkildə qalmasıdır. Ümumiyyətlə, bu qəbildən olan hallara birdəfəlik son qoyulması üçün ilkin bazarda mənzil-alqı-satqısının sığortaya cəlb edilməsi təklifi də səslənməkdədir. Qeyd edək ki, qonşu Rusiya bu təcrübədən istifadə etmək istəyir. 

Bazarı araşdıran iqtisadçı-ekspert Nüsrət İbrahimov Mövqe.az-a açıqlamasında bununla bağlı bildirir: "Təbii ki, aldadılmış mənzil payçılarına kömək məqsədi ilə mənzil satışının özünün də sığortalanması mümkündür. Lakin bu, əlavə xərcdir. O əlavə xərc də mənzil alan müştərinin üzərinə yüklənəcək. Bu da satışın maya dəyərini artıracaq. Təbii ki, maya dəyəri artdığı halda,  deməli, mənzilin satış qiyməti də artacaq. Ona görə bu hal yaxşı nəticəyə gətirib çıxarmaz". 

Ekspert məsələnin həllinin alternativ yolları olduğunu da bildirdi: "Məsələnin həlli yolu üçün alternativ yolların olması fikirlərini əvvəllər də səsləndirmişik.  Potensial aldadılmış alıcılar və yaxud da ki, potensial aldadıla bilən alıcılar ən çox yeni tikililərdə mənzil alan zaman aldanırlar. İnvestor və ya həmin binanı tikən şirkət ilə alıcı arasında münaqişə yaranır. Məsələnin həlli üçün mənzillərin həm notarial qaydada, həm də ki, Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətində qeydiyyatının aparılması təklif olunmuşdu. İlkin şəraitdə qeydiyyat aparılarsa, bir mənzilin bir neçə dəfə satılması mümkün olmayacaq. Belə halda aldanılmış payçıların qarşısını maksimum dərəcədə, bəlkə də yüzdə yüz almaq mümkün olacaq".

İqtisadçı ekspert Samir Əliyev isə məsələyə bel əyanaşır: "Mənzil sığortalanması ipoteka kreditləşməsi və bütün mənzillərin icbari sığortalanması zamanı baş verir. Bizdə sığorta mexanizmi mövcuddur. Ancaq sığorta baş verə biləcək fors-major(yanğın, daşqın) halları üçün nəzərdə tutulur. Bizdə sığorta bütün sahələrə şamil edilmir. Sığorta təəssüflər olsun ki, çox dar çərçivədə bu və ya digər sahələrə şamil olunur. 

Digər tərəfdən yeni binalar tikilir və mənzil satışı zamanı bəlli olur ki, bu mənzilin iki-üç sahibi var.  Son nəticədə insanlar aldanılır. Mənzil alıcılarının aldadılmaması üçün mənzil satışının sığortalanması məsələsi bir çox MDB ölkələrində , xüsusilə Rusiyada, Ukraynada gündəmdə duran məqamdır. Hesab edirəm ki, analojı təcrübənin Azərbaycanda tətbiqinə də ehtiyac var. Burada əsas mahiyyət ondan ibarətdir ki, alıcıya məxsus pay hissəsi müqavilə bağlandığı zaman həm də sığortalanır. Birdən hansısa bir formada payçı evi ala bilməzsə o, sığorta haqqından istifadə edərək pulunu ala bilər. Çox təəssüf ki, bizdə bu istiqamətdə addımlar atılmır".

İqtisadçı mənzil sığortalanmasının alıcı üçün heç bir əlavə xərc açacağını hesab etmir: "Bir qayda olaraq ən yaxşı halda sığorta müştərinin ödədiyi vəsait həcmində ona o qədər də pul ödəyir. Burada heç bir əlavə xərcin olması mümkün deyil".