Xarici banklar Azərbaycana gəlsə…

2 Avqust 2013 18:03 (UTC+04:00)

Əli Əlirzayev: "Pul vəsaiti, işgüzar fəaliyyət artdıqca, faiz siyasəti dəyişə bilər"


Bu gün Azərbaycanda bank kreditlərını faiz dərəcəsinin  həddindən artıq yüksək olması hamı təərfindən qəbul olunan birmənalı həqiqətdir.  Bunun səbəbləri və həlli yolları haqda dəfələrlə məsələ qaldırılsa da, dəyişən bir şey yoxdur. İndi isə belə fikirlər səslənir ki, nüfuzlu xarici bankların Azərbaycana gəlişinin stimullaşdırılması həyata keçrilməlidir. Hesab olunur ki, bu bankların Azərbaycan bazarına daxil olması ucuz kreditlərin verilməsinə gətirib çıxaracaq. Nəticə etibarı ilə rəqabət mühitində yerli kommersiya bankları da kredit faizlərini aşağı salmalı olacaq. 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Samir Əliyev Mövqe.az-a açıqlamasında deyib: 

" Bu fikirlə razıyam ki, Azərbaycanda kreditlərin faiz dərəcəsi yüksəkdir. Bunun bir çox səbəbləri var. Səbəblərdən biri təbii ki, kreditin maya dəyərinin baha olmasıdır. Yəni kredit vermək üçün resurs baha olduğuna görə, bu gün kreditlər yüksəkdir. Həmişə təklif olunur ki, banklar xarici bazara çıxsın. Təbii ki, bunun başqa bir tərəfi də  xarici bankların Azərbaycan bazarına gəlməsi ola bilər. Söhbət ondan gedir ki, xarici banklar Azərbaycana gəlməklə güclü rəqabət mühiti formalaşdıra bilər. Bu gün Azərbaycan 43 bank var.İlk baxışdan bankların sayı Azərbaycan üçün əslində, çoxdur. Həm də ilk baxışdan belə çıxır ki, bank sitemində rəqabət var. Amma bu acı bir həqiqətdir ki, bank sektorunda ümumiyyətlə, rəqabət yoxdur. Banklar tərəfindən verilən kreditlər bir-birindən, demək olar ki, heç nə ilə fərqlənmir. Bunun səbəbi Azərbaycandakı bankların kapitalının yüksək səviyyədə olmamasıdır. Təsəvvür edin ki, 43 bank var və 20 bankın bazar payı  90% təşkil edir. Geri qalan 10% pay cəmi 23 banka məxsusdur.  Bu da bizdə kiçik bankların nə qədər az olduğunun göstəricisidir. Böyük kapitala malik olan bir neçə bank var. Məsələn, Beynəlxalq Bank dövlət bankıdır. Bazarın 40%-nə nəzarət edir. Bir bank bazarın 40%-ə nəzarət edir. Təsəvvür edin ki, bu gün ikinci bir Beynəlxalq Bank Azərbaycana gəlsə, bazarda nə qədər rəqabət yarada bilər. Ona görə də, xarici bankların Azərbaycana gəlməsi müsbət haldır. O baxımdan ki, bu xarici bank təbii ki, yüksək kapitallı bank olacaq. O, həm bank sistemində rəqabət yaradar, həm də  göstərilən xidmətlərin keyfiyyətinin artmasına gətirib çıxardar. Bizim banklar da görər ki, xarici banklarda idarəetmə necə aparılır, əhaliyə necə keyfiyyətli xidmət göstərir. Və təbii ki, xarici banklar Azərbaycana gəldikdə kifayət qədər resursları olduğundan onlar daha ucuz şərtlərlə, ucuz faizlə əhaliyə kredit verə bilərlər. Bu baxımdan mən xarici bankların gəlişini yüksək dəyərləndirirəm. Amma çox təəssüf ki, biz bunu görə bilmirik. Çünki, xarici banklar Azərbaycana gəlməkdə maraqlı deyillər. O baxımdan ki, Azərbaycan bazarı kiçik bazardır. 9 milyon 200 min əhalisi var. Yəni 20 dəfə Rusiyadan kiçikdir. Ona görə də, böyük banklar  bir qayda olaraq Rusiyaya üz tuturlar.  Orada da işləməyə səy göstərirlər.  Azərbaycan bazarı  kiçik olduğundan gəlib burda filiallarını açmaq onlar üçün əlverişli deyil. Amma mən o fikirlə razıyam ki, onlar Azərbaycana gəlsə, bu bank sektoruna müsbət təsir göstərər ". 

  Ekspert Əli Əlirzayev isə Mövqe.az-a açıqlamasında Azərbaycanda kredit  faizlərinin yalnız Mərkəzi Bank tərəfindən tənzimləndiyini deyib: "Kredit faizlərin aşağı salınması haqda addımlar atılması, bunun üçün yolların axtarılması  mütərəqqi bir haldır. Lakin faizləri  birdən-birə də aşağı salmaq mümkün deyil. Çünki bank sahibi də bankın fəaliyyətindən  müəyyən gəlir götürür. Bazarda kredit faizi tələb və təklifdən asılı olaraq dəyişir. Buna kredit resurslarına olan tələbat, kreditin həcmi və s. aiddir.  Bütövlükdə kredit faizi həmişə buraxılır, təkmilləşir, əsaslandırılır. Bu, bir siyasətdir və  Mərkəzi Bank tərəfindən həyata keçirilir. Hər bank özlüyündə kredit faizini  aşağı sala bilməz. Pul vəsaiti, işgüzar fəaliyyət artdıqca, faiz siyasəti dəyişə bilər. Əgər xarici banklar  Azərbaycana gəlsələr, onlar da investisiya qoyub  gəlir götürəcəklər. Bu məsələlər  Azərbaycanda yalnız Mərkəzi Bank tərəfindən tənzimlənir".