Bir millət iki dövlət
6 Sentyabr 2020 18:01 (UTC+04:00)
18 oktyabr 1991-ci il tarixində müstəqillik aktı qəbul edən Azərbaycan Respublikasını Türkiyə noyabrın 9-da tanıyan ilk dövlət oldu. Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı. Bu gün iki dövlət arasında istər iqtisadi, istərsə də siyasi cəhətdən əlaqələr daha da möhkəmlənməkdədir. Tarixi dostluq, qarşılıqlı etimad və həmrəylik əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf edir. Hər iki dövlət bir neçə beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq nümayiş etdirirlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra orduda kadr çatışmazlığı mövcud idi. Bu səbəbdən də Türkiyə Azərbaycana Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə hər il hərbi manevrlər təşkil olunur. Bu ənənəyə sadiq qalaraq bu il iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki - uçuş təlimləri keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var. Müharibə şəraitində olan Azərbaycan ücün Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi ən vacib məsələlərdən biridir. Məlum olduğu kimi, bu gün işğalçı Ermənistan tərfindən Azərbaycan Respublikasının torpaqlarının 20 faizi işğal altındadır və düşmən ölkə Azərbaycanın sərhəd rayonlarında atəşkəsi dəfələrlə pozaraq beynəlxalq hüquq normalarına qarşı çıxmaqdadır. Bu səbəbdən də Azərbaycan qardaş Türkiyəni özünə ən güvəniləcək tərəfdaş olaraq seçmişdir. Hər iki ölkənin xalqlarının böyük əksəriyyəti türklərin Oğuz boyundandır. Eyni kök və coğrafi yaxınlıq Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Türkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi içərisində, sülh yolu ilə həllinə səy edir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bütün çıxışlarında hər məsələdə Türkiyənin tərəfdaşı olduğunu vurğulayaraq Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkə arasında diplomatik əlaqələrindən savayı dostluq, qardaşlıq əlaqələri olduğunu bəyan etmişdir.
Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı - "Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik" – fikrini səsləndirərək siyasi bir mesaj vermişdir. Prezident İlham Əliyev ikili standartlar siyasətini açıq şəkildə tənqid edir.
Dövlət başçımız iki ölkə arasında münasibətləri hər zaman yüksək qiymətləndirmiş və bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün müvafiq addımlar atmaqdadır.
Fehruzzadə Xatirə Qurban qızı
Nəsimi rayon təhsil işçisi