Azərbaycanın Lənkəran rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.
APA – nın cənub bürosunun məlumatına görə, hadisə avqustin 10-da saat 18.45 radələrində Ələt – Astara magistralının 190-cı kilometrliyində - rayonun Liman şəhərindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini Maqsud Kəkül oğlu Rəcəbovun idarə etdiyi 10 BP 561 dövlət nömrə nişanlı, "VAZ-2106" markalı minik avtomobil ilə Lənkəran şəhər sakini İlham Sərhədağa oğlu Mərəyevin idarə etdiyi 90 VO 748 dövlət nömrə nişanlı "Mercedes CL" markalı avtomobil toqquşub. Güclü zərbənin təsirindən "VAZ-2106" markalı avtomobil iki hissəyə bölünüb. "Mercedes CL" isə yoldan çıxaraq kənarda olan çinar ağacına çırpılıb. Qəza nəticəsində "VAZ – 2106"-nın sürücüsü Maqsud Rəcəbov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobilin sərnişinləri Telman Böyükağa oğlu Məcidov, Elvin Rasim oğlu İmanzadə, Aslan Seydulla oğlu Məlikov, eləcə də "Mercedes CL" markalı avtomobilin sərnişinləri, sürücünün oğlu Ilkin Mərəyev, qızı Ülkər Mərəyeva və həyat yoldaşı İradə Səxavət qızı Mərəyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, qəza baş verən zaman magistral yolda nəqliyyatın hərəkətində qismən məhdudiyyət yaranıb.