Ermənistan-səriştəsiz rəhbərliyin əsiri

21 Sentyabr 2020 18:45 (UTC+04:00)
Bu gün-sentyabrın 21-i günümüzə “Şəhidin var, Azərbaycan!” xəbəri ilə başladıq. Düşmən tərəfi hər vasitə ilə cəbhədə təxribat törədərək vəziyyəti gərginləşdirməyə davam edir. Diqqətlə baxsaq, Ermənistan özünü psixoloji stresdən əziyət çəkən bir insan kimi aparır. Daha dəqiq desək, heç özü nə etdiyini bilmir. Ermənistanın bu gününkü rəhbərliyi uçurumun bir addımlığında qalan ölkənin vəziyyətini daha da bərbad edir. Düşmən ölkənin rəhbərliyinin məsuliyyətsiz addımları, baş verən hadisələri düzgün analiz edə bilməməsi onların sonunun gəlməsini daha da tezləşdirir. İndi isə son illərdə baş verənlərə qısa nəzər salaq:
Paşinyan hakimiyyəti dəfələrlə Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir. Hətta Düşənbədə Paşinyan vaxt verilməsini Cənab Prezidentdən özü birbaşa xahiş etmişdir. Paşinyan danışıqlar prosesini pozmaq istəmədiyini, özünün danışıqlara meyilli olmasını “bir zamanlar” çıxışlarında vurğulayırdı. Hətta Paşinyanın xanımı Anna Akopyan belə Azərbaycan qadınlarını “Sülhə” səsləmişdi. Vəziyyət elə bir yerə gəlib çatmışdı ki, Ermənistanda hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səslənmişdi. Bəs sonra? Paşinyan və onun ailəsinə hansısa bədbəxt hadisə üz verməyib ki? Onlar yaddaşlarını itirməyiblər ki? Əgər hansısa xəstəlikdən əziyyət çəkirlərsə, bu haqda tibb tələbəsj olaraq araşdırma aparmağa hazıram. Amma ,görünür, onlar sağalmaz “erməni xisləti” xəstəliyindən əziyyət çəkirlər. Bu xəstəliyin nə dərəcədə təhlükəli və sağalmaz olduğunu iyul hadisələrində nəinki biz, bütün dünya başa düşdü. Hərçənd, bəzi “diplomatlar” özlərini baş verənləri görməyəcək dərəcədə kor, eşitməyəcək dərəcədə kar etdilər, amma onlarda həqiqətləri bilirdilər. Bu xəstəliyin bir sıra simptomları var, özünü alçatmaq, yazıq xalq imici düzəltmək, ağlaşmaq, ondan-bundan nə isə imtiyaz, qrant, kömək qoparmaq. Hansı ki, iyul hadisələrində bütün bu sadaladıqlarımız özünü biruzə verdi. Sərhəddə təxribat yaradıb, yeni torpaq iddiasına düşdülər, ordumuzun qüdrəti sayəsində itkilərə məruz qalan kimi özünün “yazıq” simasını geyinib, qapı-qapı düşüb ölkələrdən kömək istədilər. Belə bir zamanda isə onların köməyinə “hər iki tərəfi danışıqlara səsləyirik!” deyənlər çatdı. Əlbəttə, Rusiya və Serbiya kimi ölkələri də unutmaq olmaz.
  İyul təxribatı ilə hər şey bitdimi? Təbii ki, xeyr! Ermənistanın səriştəsiz rəhbərliyi işğal altındakı torpaqlarımıza köçürmə əməliyyatlarını başlatdı. Necə oldusa, bu vəziyyətdə də onlarda “unutqanlıq” yarandı. Gülməli səslənsə də, Ermənistan öz qanunverciliyinin Cinayət Məcəlləsindəki 390-cı maddəsini pozdu. Gördüyünüz kimi, yuxarıda da qeyd etmişdim, düşmən ölkənin rəhbərliyi özü nə etdiyini bilmir. İçlərindəki müsəlmanlara və türklərə qarşı nifrət elə bir səviyyəyə gəlib çatıb ki, təxribata əl ataraq özlərini siyasi arenada gülünc vəziyyətə salmaqdan başqa əllərindən heç nə gəlmir. Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin andiçmə mərasiminin keçirilməsi, düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirməsi və bu təlimlərdə Paşinyanın iki il əvvəl Azərbaycan qadınlarını “sülhə” səsləyən Annanın da iştirak etməsi,təlimlər zamanı hədəfin dinc azərbaycanlıların yaşadığı kəndlərin seçilməsi, iyul təxribatından sonra avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilməsi, bütün bunlar danışıqları pozmaq və xalqımıza qarşı açıq təhqirdir. Bəs Ermənistan təkcə bizim xalqımızımı təhqir edir? Bəzi müsəlman ölkələrlə Ermənistanın münasibətlərinə baxdıqda bu sualın cavabı bəlidir. Lakin bir az dərinə getdikdə- Ermənistanda müsəlman məscidlərinin dağıdılması, sökülməsi, orda inək, donuz saxlanması, işğal olunmuş torpaqlarımızda dini abidələrə qarşı soyqırım törədilməsi, müsəlman müqəddəslərinin təhqir edilməsi kimi halların şahidi olduqda sualın cavabı “bəli” olaraq qalmır. Ermənilər bizim xalqımıza aid məscidləri dağıtdıqda, yuxarıda qeyd etdiyim çirkinliklərdən hansısa birini həyata keçirdikdə, təkcə bizim xalqımızı deyil, bütün müsəlmanları təhqir etmiş olur. İslamofobiya dövlət siyasəti olan bir ölkə hansısa müsəlman ölkə ilə necə dost ola bilər? Ya da hansısa müsəlman ölkənin bu dövlətə nə kimi marağı ola bilər? Suallar cavabsız qalır...
Bütün bunları bizlər çox yaxşı bilirik, amma təkcə bizim bilməyimiz kifayət deyil, dünya bilməlidir, bilməklə də kifayətlənməyib, ədalətin, haqqın tərəfində dayanmalıdırlar.  Axı Avropa Şurası, Freedom Hause, Human Rigths Watch, Amnesty İnternational təkcə bizim ölkəmizə nəzarət etmək üçün yaradılmayıb. İnsan hüquqları yer üzündəki bütün insanların hüquqlarını qorumaq üçün yaradılıb. Yəqin ki, belə nüfuzlu təşkilatlara adi bir tibb tələbəsinin “onlara nə üçün yaradıldığını” xatırlatması yerinə düşməz. Onlar bilməsələr də, biz yerimizi bilirik. 
İndi tələbimiz ondan ibarətdir ki, necə ki, erməni tərəfinin saymaqla bitməyən çirkin təxribatlarına dünya tərəfindən göz yumulur, eynilə bu təxribatlara Azərbaycan tərəfi layiqli cavab verdikdə də həmin təşkilatlar sakit dayansınlar.  Cənab Prezidentin söylədiyi kimi “Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək!” 
      Nəsimi rayon gənci, Günəş Əliyeva