Ermənistan Respublikasının Azərbaycanın tarixi torpaqlarını işğal etməsi, Azərbaycan xalqına qarşı törətdiyi etnik təmizləmə, arası kəsilməyən təxribatlar aparması, danışıqları pozması səbəbi ilə Azərbaycan və Ermənistan arasında danışıqlara ara verilmişdir. Nəzərə alsaq ki, Azərbaycan bütün dünyanı narahat edən terrorizmə qarşı mübarizə aparır, bu deməyə əsas verir ki,bu gün Ermənistana ediləcək hər hansı bir güzəşt terrorizmin inkişafıdır. Azərbaycan Respublikası öz ərazilərində terorist dəstələrin məskunlaşmasına göz yummur, yummayacaq.
27 sentyabr səhər saat 6 radələrində düşmənin separatçı qüvvələrinin Cəbrayıl,Füzuli,Ağdam,Goranboy və Tərtər istiqamətində təxribatına cavab olaraq Azərbaycan ərazilərindən terrorçu qüvvələrin çıxarılması, mülki əhalinin müdafiə olunması, yeni əraziləri işğal etmək arzusunda olan düşmən tərəfini susdurmaq üçün əks hücum əmri verildi. Mövcud vəziyyətlə əlaqədər olaraq 28 sentyabr 00:00-dab etibarən ölkə ərazisində hərbi vəziyyət elan edildi. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev fərman imzalamışdır. Hərbi vəziyyətin elan edilməsi haqqında fərmana uyğun olaraq hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.
Beynəlxalq sənədlərə əsasən,3 gün ərzində BMT və Avropa Şurasının baş katibləri məlumatlandırılır. Hərbi vəziyyətin yaranması ilə bağlı əsaslar aradan qalxmazsa və ya yeni əsaslar yaranarsa hərbi vəziyyət davam edir. Əgər bütün əsaslar aradan qalxarsa, hərbi vəziyyət sona çatır.
Hərbi vəziyyətlə bağlı olaraq əhalinin hüquq və azadlıqlarına Konstitusiyada müəyyən olunmuş formada məhdudiyyətlər qoyula bilər. Məsələn, tətil və aksiyalar qadağan edilir. Daşınabilən və daşınmaz əmlak hərbi məqsədlə istismar oluna bilər.
Əhalidən bu tarixi hadisələr yaşanarkən tələb olunan tək vəzifə dövlət başçısının və müvafiq orqanların göstərişlərinə əməl etmək, təmkinli davranmaq, yalan məlumatlara və şayiələrə inanmamaq, şübhəli hadisə və ya şəxslər görərlərsə, müvafiq şəxslərə məlumat vermək, arxa cəbhədə ordumuza dəstək vermək, rəsmi təsdiqlənməmiş məlumatları yaymamaqdır. Vətəndaş vəzifələrini bilər və yerinə yetirərsə, dövlətin onu mühafizə etməsi asan olar.
Nəsimi rayon gənci
Şəmilova Dünya Mərdan