Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiklərini bəyan edirlər. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyir, şərəfli tarixi olan Ordumuzla qürur duyduqlarını, onunla bir olduqlarını ifadə edirlər. Eyni nzamanda Vətənin şərəfi və namusu yolunda Ali Baş Komandanın istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olduqlarını bəyan etdilər.
Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblərdir.
Ermənistan 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşma qəbuledilməzdir.
Ermənistanın siyasi hakimiyyəti daxili siyasətdə yaşadığı sosial-iqtisadi problemləri, epidemioloji vəziyyətin gətirdiyi sosial çətinlikləri həll etməkdə acizdir. Ermənistan hökuməti vətəndaşlarının diqqətini bu problemlərdən yayındırmaq, daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.
Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!
Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşları və dünya azərbaycanlıları birlik nümayiş etdirərək, Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün çalışır, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırır.
Orxan Abasov
Nəsimi RİH könüllüsü