Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır

29 Sentyabr 2020 21:00 (UTC+04:00)

Hamının bildiyi və yaxından izlədiyi Qarabağ məsələləri 27 sentyabr 2020-ci il saat 06.00 radələrində düşmən silahlı qüvvələrinin Azərbaycan tərəfə törətdiyi növbəti təxribat nəticəsində daha gərgin və ciddi bir hal almışdır. Artıq dözümü və səbri tükənən xalq bu işğalçı siyasətin, 28 ildir qanayan yaranın sona çatmasını istəyir.  
Əks-hücum əməliyyatlarının başlandığını nəzərə alaraq Prezident İlham Əliyev Azərbaycan Respublikasnın 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq, 2020-ci il 28 sentyabr saat 00:00-dan etibarən Azərbaycan Respublikasnın bütün ərazisində hərbi vəziyyətin elan edilməsi ilə bağlı fərman imzalayıb. 
          “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!” – İlham Əliyev. Son günlərdə baş verən hadisələr bir daha göstərdi ki, siyasi kimliyindən asılı olmayaraq bütün azərbaycanlılar Ali Baş Komandanın qərarlarını dəstəkləyir və bir yumruq kimi böyük şücaət göstərirlər. Təsadüfi deyil ki, bu gün ölkənin 50 siyasi partiya rəhbəri Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanat  imzalayıblar. Xalqın dövlət başçısına, ordumuza inancı tam, dəstəyi isə sonsuzdur. 
Nəinki hərbi güc, psixoloji cəhətdən də cəmiyyətin hərbi vəziyyətə hazır olması minlərlə insanın könüllü kimi orduya yazılmasında, sözügedən Fərmandan sonra xalqdakı ruh yüksəkliyində bir daha dünyaya sübut olundu. 
İllərdir Natəvanın, Bülbülün, Üzeyirin yaralı heykəlləri sızıldayır, tarixi abidələrimiz, məscidlərimiz istismar olunur, şəhidlərimizin ruhu narahatdır... Azərbaycan dövləti və Azərbaycan xalqı artıq seçimini edib! “Qarabağ Azərbaycandır!” şüarı ilə irəliləyən qüdrətli ordumuz və bu orduya, dövlətin bu yolda uğurlu siyasətinə inanan və dəstəkləyən xalq tam əmindir ki, biz yaxın günlərdə qələbə çalacaq, ədaləti bərpa edəcəyik! 
“Beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan dayandıracaq”.  – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.

Aida Mirzayeva
Nəsimi rayon təhsil işçisi