Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 27-si saat 06:00 da mövqelərimiz hücuma məruz qalmışdır. Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib, eyni zamanda, “Hərbi vəziyyət elan edilməsi” haqqında Fərman imzalayıb. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. Hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, eyni zamanda bu, xalq, dövlət və ordu birliyinə də işarə edir. Prezidentin bu addımı erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı isə Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir.
“Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Prezidentin qərarının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür.
“Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.
Fehruzzadə Xatirə Qurban qızı
Nəsimi rayon təhsil işçisi