Movqe.Az xəbər verir ki, mayın 14-də təhsil naziri Misir Mərdanov İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi ilə görüşüb. İtaliya Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan nazir son illər ölkələrimiz arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söhbət açıb, bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra məsələlər haqqında danışıb. Əsasən universitetlər arasında əməkdaşlığın inkişaf etdiyini bildirən Misir Mərdanov təhsil sahəsində digər əlaqələrin genişləndirilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırıb, Azərbaycanda italyan dilinin tədrisi məsələsinə toxunub və bu məsələlər üzrə qonağın fikrini öyrənmək istədiyini qeyd edib. Nazir, həmçinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində İtaliyada 4 azərbaycanlı tələbənin təhsil aldığını bildirib. Bu göstəricinin aşağı olduğunu diqqətə çatdıran təhsil naziri qeyd olunan istiqamətdə işlər aparılmasının vacibliyini vurğulayıb.
Qonağa təşəkkürünü bildirən təhsil naziri ilk olaraq Bakıdakı bir neçə məktəbdə italyan dilinin tədrisinə başlanmasının zəruri olduğunu deyib. İyunun 2-dən 9-dək İtaliya Respublikasına rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdıran Misir Mərdanov səfər zamanı bu məsələlərin geniş müzakirə olunacağını bildirib.
Görüşdə tərəflər Azərbaycan ilə İtaliya universitetləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qeyd olunan digər məsələlərlə bağlı müvafiq işlərin aparılması istiqamətində müzakirələr aparıblar.