Milyonçu dövlətdən sosial yardım alırmış

16 Avqust 2013 12:23 (UTC+04:00)

Ötən il 1300-dən çox sahibkar ailəsi dövlətdən maddi yardım alıb

Gürcüstan Əmək, Səhiyyə və Sosial Yardım Nazirliyinin Sosial İnkişaf Agentliyinin rəhbəri Noy Kinkladze brifinqdə deyib ki, gəlir xidməti agentliyə dövlətdən maddi yardım alan fərdi sahibkarların 2012-ci ildəki gəlirlərinə dair məlumat təqdim edib.


Alınan məlumatlar sosial cəhətdən müdafiə olunmayan ailələrə verilən yardımla müqayisə olunub. Noy Kinkladzenin dediyinə görə, keçən il 1300-dən çox sahibkar ailəsi dövlətdən maddi yardım alıb və onların illik gəlirləri sosial cəhətdən müdafiə olunmayan ailələr üçün müəyyən edilmiş minimumdan çox yüksəkdir. 


Onların arasında hətta bir milyonçu da var. Gəlir xidmətinin məlumatında Kutaisi şəhərindən olan sahibkarın illik gəlirinin 1 milyon laridən (1 dollar 1,65 laridir) çox olduğu göstərilir. Dörd fərdi sahibkar ailəsinin illik gəlirlərinin 500 mindən 1 milyon lariyədək, üç ailənin illik gəlirlərinin isə 300-500 min lari təşkil etdiyi bildirilib. 


Yardım alanlar arasında illik gəliri 50 min laridən 300 min lariyədək olan çoxsaylı sahibkar ailəsinin də olduğu aşkarlanıb. Keçən il həmin ailələrə 1.167.356 lari məbləğində yardım olunub. Bu ilin avqust ayından etibarən onlara sosial yardım verilməsi dayandırılıb. 


Agentliyin rəhbəri həmin ailələrin sosial-iqtisadi durumunun bir daha öyrəniləcəyini bildirib.