Prezidentimiz öz müsahibəsində Ermənistan dövlətinin yalanlarını açıqladı
17 Oktyabr 2020 18:02 (UTC+04:00)
Sentyabrın 27-dən etibarən, Azərbaycan Ermənistan Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalmışdır. Məhz həmin tarixdən bu günə qədər mənfur düşmən öz çirkin əməllərindən əl çəkmir. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir.
Moskva danışıqlarında, hər iki tərəf arasında 2 günlük hümanitar atəşkəs olmalı idi. Azərbaycan dövləti buna əməl etsə də, Ermənistan dövləti buna əməl etmədi. Bu qısa müddətdən istifadə edərək, Gəncə terrorunu törətdi. Gecə saatlarında baş vermiş hadisədə neçə-neçə yaralananlar və ölənlər vardı. Əlbəttə ki, onların etdikləri cavabsız qalmayacaq.
Bir sıra tarixi həqiqətlər var ki, onlar Azərbaycanın tərəfindədir. Bildiyimiz kimi Kürəkçay müqaviləsində ermənilərin adı belə keçməmişdir. XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla bağlı hər kəs oxuya bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Ermənilərin Qarabağa kütləvi köçürülməsi XIX əsrdə başlayıb. Dəqiq tarixlə desək, köçürülmə 1813-cü və 1828-ci illərdə Rusiya-İran müharibəsindən sonra başlanıb.
1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cumhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil,onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi.
Tarix boyu Azərbaycan dövləti öz torpaqları uğrunda daim mübarizə aparmışdır. Bu gün də, Azərbaycan dövləti işğalçı dövlətə qarşı Vətən müharibəsi aparır. Azərbaycan dövləti üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan dövləti üçünsə, işğalçılıq müharibəsidir. Cənab Prezidentimiz İlham Əliyevin əsas amalı Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğu bütün illər ərzində verdiyi vədləri yerinə yetirmək və ölkəni inkişaf etdirmək, onun ərazi bütövlüyünü təmin etməkdir. Azərbaycan xalqının iradəsi Prezident İlham Əliyevin bu uğurlu siyasətinə şübhəsiz yüksək dəyər verir və verəcəkdir.
Əliyeva Zenfira
Nəsimi rayon gənci