Güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Hər bir xalqı dünyada tanıdan, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun silahlı qüvvələridir. Bu gün Azərbaycan ordusu Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir. Düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir.
Torpaqlarımızın bir hissəsinin azad olunması, yüksəkliklərin ələ keçirilməsi, düşmənin hərbi obyektlərinin məhv edilməsi onu göstərdi ki, Vətənimizin hər qarışı uğrunda can verməyə hazırıq: "Yetər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Azərbaycan Ordusu düşmənə vurduğu son zərbələri ilə ermənilərə nəinki dərs verdi, həm də sübut etdi ki, onların özləri barədə yaratdıqları mif sabun köpüyü imiş.
Azərbaycan əsgəri Azərbaycan xalqının ondan gözlədiyi nəticəni əldə etmək üçün artıq neçə gündür işğalçını ram etməkdə, onun Azərbaycan xalqına qarşı indiyə qədər sərgilədiyi münasibətinə son qoymaqdadır. Əsgərlərimiz əks hücum əməliyyatları ilə qısa bir müddətdə xalqımıza sevincli anlar yaşatdı. Elə ilk anlardan etibarən yeddi kəndin işğaldan azad edilməsi, iki yüksəkliyin nəzarətinin ələ keçirilməsi, daha sonra isə Cəbrayıl şəhəri və onun bir sıra kəndlərinin, strateji əhəmiyyət kəsb edən Tərtərin Suqovuşan və Talış kəndlərinin, Füzuli rayonun özü isə bir çox kəndlərinin azad olunması çox böyük hərbi uğurdur.
Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanlar, canını fəda edənlər heç vaxt unudulmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşılır. Dövlətimizin başçısı Azərbaycan bayrağının torpaqlarımızın hər qarışında dalğalanması üçün lazım gələn bütün addımları atır, ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirməkdən ötrü böyük inam və qətiyyətlə çalışır, yurdumuzun işğaldan tam azad edilməsi üçün böyük cəsarət və əzm göstərir. Azərbaycan vətəndaşları da öz dövlətinə və Prezidentinə inanır, ona güvənir, Azərbaycan dövlətinin və prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur. Bu gün maddi-texniki bazası ardıcıl olaraq möhkəmləndirilən Azərbaycan ordusu işğal altında olan doğma torpaqlarımızın düşmən əsarətindən azad olunacağı günü hər gün daha da yaxınlaşdırır.
Azər Hüseynov
Nəsimi rayon sakini