Gələn aydan kredit faizləri ucuzlaşacaq

16 Avqust 2013 17:11 (UTC+04:00)

Natiq Cəfərli: "Kredit faizlərinin aşağı düşməsi üçün ilk növbədə Mərkəzi Bank uçot dərəcəsini dəyişməlidir"


 Məlum olduğu kimi Əmanətlərin Siğortalanması Fondu bir müddət əvvəl siğortaya cəlb olunan əmanətlərin faiz dərəcələrinin aşağı salınması ilə bağlı qərar qəbul edib. Qərarla bağlı olaraq, əmanət faizlərinin aşağı salınmasının banklarda kredit faizlərinə də təsir edəcəyi ehtimal olunurdu. Lakin belə bir nəticə müşahidə olunmadı. Bunun səbəbləri ilə əlaqədar araşdırma apardıq.


İqtisadçı-ekspert Vüqar Bayramov mövzu ilə əlaqədar Mövqe.az-a açıqlamasında deyib: " Əmanətlərin Siğortalaması Fondunun siğorta əmanətlərinin faiz dərəcələrini 12% -dən 10%-ə qədər  endirməsi ilə bağlı qərarı eyni zamanda kredit faizlərinin azaldılması ilə bağlıdır. Təbii ki, bununla, Əmanətlərin Siğortalaması Fondu ölkədə kredit faizlərinin aşağı salınmasına nail olmağa çalışır. Amma təbii ki, bu hələlik reallaşmayıb. Ona görə reallaşmayıb ki, birmənalı şəkildə nəzərə alsaq ki, Əmanətlərin Siğortalaması Fondunun son qərarı bu ilin avqustun 1-indən tətbiq olunur, təbii ki, belə qısa zamanda bunun reallaşması mümkün deyil. Artıq avqustun 1-dən sonra da cəlb olunan əmanətlər üzrə kredit faizlərinin sayı aşağı düşüb. Amma avqustun 1-nə qədər cəlb olunan əmanətlər üzrə faiz qalmaqdadır.  Ona görə də, bu baxımdan, təbii ki, qısa zamanda Əmanətlərin Siğortalanması Fondunun siğorta əmanətlərinin faiz dərəcələrinin azaldılması ilə bağlı qərarının kredit faizlərinə təsir göstərəcəyi inandırıcı deyil. Amma güman olunur ki, müəyyən müddətdən sonra bu təsirlər olacaq. Eyni zamanda, məsələnin digər bir tərəfi bundan ibarətdir ki, bu gün kredit faizləri heç də yalnız əmanət faizlərindən asılı deyil. Onsuz da kredit faizləri ilə əmanət faizləri arasında kəskin fərq var. Nəzərə alsaq ki, Azərbaycanda orta kredit faizi 8%-ə yaxın idi və bəzi vaxtlarda 12%-li kreditə cəlb edirdilər. Eyni zamanda cəlb edilən əmanətlərdən fərqli olaraq,  verilən kreditlərin faiz dərəcələri  kifayət qədər yüksəkdir. Bu, həm də onunla bağlıdır ki, cəlb edilən əmanətlər hal-hazırda  5.9 milyard manatdır. Kredit portfeli isə 13.4 milyarda manatdır. Praktik olaraq cəlb edilən əmanətlər kredit portfelinin, yəni verilən kreditlərin  44%-ni təşkil edir. Digər 56% isə əmanətlərdən kənar mənbələrdə formalaşdığı üçün hələlik  əmanət faizlərinin aşağı düşməsi kredit faizlərinin aşağı düşməsini şərtləndirməyəcək. Kredit faizlərini aşağı salmaq üçün başqa vasitələrdən istifadə etməyə ehtiyac olacaq. Bu baxımdan, indiki halda, əmanət faizlərinin aşağı düşməsi kredit faizləri üzrə kəskin dəyişikliklərə səbəb olmayacaq".


Ekspert sentyabr ayı üçün kredit faizlərində dəyişikliklər olacağının gözlənildiyini qeyd edib: " Təbii ki, bunun kredit faizlərinə təsiri olacaq. Bu təsir güman olunur ki, sentyabr ayında müşahidə edilməyə başlanacaq. Amma yenə də söhbət 2%-ə qədər kredit faizlərinin aşağı salınmasından gedir. Lakin, kredit faizlərini kəskin azalması indiki halda proqnozlaşdırılmır ".       


Digər bir iqtisadçı-ekspert Natiq Cəfərli də məsələ ilə əlaqədar  saytımıza açıqlaamsında öz fikirlərini bildirib. Ekspert Əmanətlərin Siğortalanması Fondunun verilən qərarının həqiqətən də kredit faizlərinin aşağı düşməsinə təsir edə bilmədiyini təsdiqləyib. Bunun iki səbəbinin olduğunu qeyd edib: " Kredit faizlərinin aşağı düşməsi üçün ilk növbədə Mərkəzi Bank qeydiyyat (uçot) dərəcəsini dəyişməlidir. Problemin ikinci səbəbi isə, bank sektorunda rəqabət mühitinin kifayət qədər inkişaf etməməsidir. Əgər rəqabət mühiti gücləndirilsə, o zaman biz nəticə əldə edə bilərik ".