Azərbaycan Müdafiə Nazirliyi əsirləri dəyişmək təklifinə münasibət bildirib
17 Avqust 2013 14:19 (UTC+04:00)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin
azərbaycanlı əsir Firuz Fərəcovu erməni əsir Akop İnciqulyanla
dəyişməyə hazır olmasına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib
ki, Ermənistanın Müdafiə Nazirliyinin müraciəti barədə
məlumatlıdırlar: "Firuz Fərəcov bir ildən çoxdur əsirlikdədir və
erməni mətbuatının ondan dəfələrlə götürdüyü müsahibəyə əsaslanaraq
deyə bilərik ki, həmişə də təlimata uyğun olaraq üçüncü ölkəyə
getmək arzusunda olduğunu bildirib. İndi nə dəyişdi ki, birdən birə
belə fikrə düşdü? Burada dərk edilməsi çətin olan bir şey
yoxdur.
Ermənistan Müdafiə Nazirliyinin belə açıqlama ilə çıxış etməsi
əlbəttə ki, erməni hərbiçisi Akop İnciqulyanın Azərbaycan tərəfinə
əsir düşməsi ilə bağlıdır. Bununla əlaqədar mən hər hansı qəti
mövqe bildirmək istəməzdim. Ona görə ki, belə məsələlərlə
Azərbaycanda digər müvafiq səlahiyyətli qurum məşğul olur".