Çingiz Qənizadə İlhamə Quliyevanı təbrik etdi: "İlhamə xanıma can sağlığı arzu edirəm"
17 Avqust 2013 15:24 (UTC+04:00)
Son zamanlar qalmaqalları ilə mətbuat səhifələrindən düşməyən xalq
artisti İlhamə Quliyeva yenidən şou aləminin gündəmindədir. Ancaq
bu dəfə qalmaqallarla, məhkəmə çəkişmələri ilə deyil, "Şərəf"
ordeni ilə. Avqustun 14-də prezident İlham Əliyev İlhamə
Quliyevanın Azərbaycanda mahnı ifaçılığı sənətinin inkişafında
xüsusi xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilməsi
haqqında sərəncam imzalayıb.
Prezidentin bu addımı istər-istəməz İ.Quliyeva ilə savaşanların
mövqeyinə təsir edəcək və bu hadisə ölkə rəhbərliyi tərəfindən xalq
artistinin rəqiblərinə "dur" komandası kimi dəyərləndirilir. Ölkə
başçısının bu addımına münasibət bildirən İlhamə Quliyeva
"Qafqazinfo"ya açıqlama verib: "Prezident məni yox, Azərbaycan
xalqının mədəniyyətini mükafatlandırıb. Bu, mədəniyyətə verilən
qiymətdir. Dünyanın ən yaxşı prezidentinin bu sərəncama imza atan
əlindən öpürəm. Prezidentlə yanaşı, onun ailəsinin, həyat yoldaşı
Mehriban xanımın da mənim sənətimə yüksək münasibəti var. Göyün
yeddinci qatındayam".
Bir müddət əvvələdək İ.Quliyeva ilə aralarında ciddi qalmaqal
yaşanan deputat Çingiz Qənizadə bu məsələyə münasibət bildirərkən
"Yeni Müsavat"a dedi ki, xalq artisti ilə aralarındakı problem
qarşı tərəfin canlı yayımda səsləndirdiyi ifadə ilə bağlı olub:
"Cənab prezidentin qəbul etdiyi qərara biz necə münasibət bildirə
bilərik? Bu, prezidentin hüququdur. O, İlhamə xanımın müəyyən
xidmətlərini, yaşını nəzərə alaraq onu "Şərəf" ordeni ilə təltif
edib. Bu haqda mən heç nə deyə bilmərəm. Ancaq onun məni məhkəməyə
verib-verməməyi "Şərəf" ordeni ilə bağlı deyil ki. Əslində bəlkə
də, mən onu məhkəməyə verə bilərdim. Amma ümumilikdə götürdükdə, bu
qalmaqal iki insan arasında olan fikr mübadiləsi, söz savaşı idi.
Mən sadəcə İlhamə Quliyevanın konkret bir çıxışına münasibət
bildirmişdim. Onun sənətini, fəaliyyətini və s .
qiymətləndirməmişdim və bu fikrdə də deyiləm. Bu qalmaqalın
yaranmasına da əsas səbəb canlı yayımda İlhamə Quliyevanın
emosiyalara qapılıb qeyri-etik ifadələr işlətməsi idi. Ancaq bu o
demək deyil ki, mən İlhamə Quliyevaya qarşı düşmənçilik
mövqeyindəyəm və ya o mənə qarşı belə bir mövqedədir. İndi cənab
prezident belə hesab edirsə ki, o, 70 illik yubleyində "Şərəf"
ordeni ilə təltif olunmalıdır, mən də bu münasibətlə onu təbrik
edirəm. İlhamə xanıma can sağlığı arzu edirəm. Eyin zamanda öz
mövqeyimdə də qalıram ki, ölkənin musiqi aləmində tanınan insanlar
telekanallarda öz hərəkətlərinə, danışıqlarına fikir verməlidirlər.
Bu mənim mövqeyimdir və hesab edirəm ki, belə də olmalıdır, hər kəs
öz danışığına, davranışına fikr verməlidir. Bu həm İlhamə
Quliyevaya, həm Çingiz Qənizadəyə, həm də digərlərinə aiddir. Bütün
bunlara, yaranmış qalmaqallara baxmayaraq, mən İlhamə xanımı 70
illik yubleyi və "Şərəf" ordeni alması münasibəti ilə təbrik
edirəm. Bu hər şeydən əvvəl bir mədəniyyət göstəricisidir".