Azad Zəngilan

22 Oktyabr 2020 13:55 (UTC+04:00)

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının iyirmi faizini itirdi. Torpağımızın itirilməsi də o dövrün müəyyən çətinlikləri ilə bağlı idi. O dövrdə Azərbaycandakı mövcud iqtisadi, hərbi, siyasi vəziyyət elə idi ki, həm Azərbaycanın daxili gücü zəif idi, həm də beynəlxalq səviyyədə Azərbaycanın dəstəyi yox idi. Lakin mənfur düşmənimizə istənilən formada güclü dəstək olduğundan Qarabağı işğal edə bildilər. Amma bununla belə Azərbaycan atəşkəs imzaladıqdan sonra torpaqlarımızı geri qaytarmaq üçün lazım olan gücü topladı. Çünki bizim bir amalımız var idi. Qarabağı geri qaytarmaq. Bu müddət ərzində həm Azərbaycan dövlət olaraq gücləndi, həm iqtisadi, həm də paralel olaraq müzəffər ordumuzu gücləndirdi.
     Ən müasir silahlar, ən son nəsil texnikaları Azərbaycanın silah arsenalına cəlb etdi. Azərbaycan silahlı qüvvələri xeyli gücləndi. Azərbaycan ordusu artıq dünya orduları içərisində ön sırada gələn ordulardan biri oldu. Bu ordu dövləti qorumaq üçün lazım idi. Həm də itirilmiş torpaqları geri qaytarmaq üçün lazım idi. Həmin məqam gəlib çatdı. Təbii ki, Azərbaycan dövləti istəmirdi bu məsələni müharibə yolu ilə həll etsin. Həmişə maraqlı olub ki, sülh yolu ilə qan tökülmədən, müəyyən güzəştlər müqabilində həll etsin. Lakin bütün bunlara baxmayaraq, heç vaxt Ermənistan öz ərazi iddialarından əl çəkmədi. Ona görə də məsələ bu günə qədər uzandı. Nəticə etibarilə 2020 – ci ilin sentyabr ayında düşmən ordusunun Vətənimizə qarşı hücuma keçməsi nəticəsində Azərbaycan da əks – hərbi əməliyyatlara başladı. Azərbaycan ordusu tərəfindən bu hərbi əməliyyatlar çox uğurla aparılır. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu işğal olunmuş torpaqları işğaldan azad edir. Düşmən, demək olar ki, bütün cəbhələrdə məğlubiyyətə uğrayır. Artıq hər gün bir neçə kəndin, qəsəbənin, şəhərin işğaldan azad olma xəbərini Cənab prezident İlham Əliyev çox böyük sevinclə xalqa çatdıraraq xalqımızı sevindirir. Lakin müharibələr heç də həmişə asanlıqla olmur. Canını Vətən yolunda qoyan şəhidlərimiz, itkilərimiz, qazilərimiz, yaralılarımız olur. Qalib gəlmək üçün Vətən uğrunda şəhid olmaq, candan keçmək ən böyük zirvədir. Şəhidlik zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Məhz onların qanı hesabına Qarabağ düşməndən azad edilir. Azərbaycan ordusu nəinki bizim olan torpaqları geri qaytarır, həm də birinci Qarabağ müharibəsində bu torpaqların müdafiəsi uğurunda canından keçən şəhidlərimizin, oğullarımızın qisasını alır. 
     Artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan düşmən tapdağından azad olundu. Tezliklə digər cənnət rayonlarımız, Azərbaycanın döyünən ürəyi Şuşamız da azad olunacaq. Biz inanırıq ki, bu xoş xəbərlər tezliklə prezidentimiz tərəfindən xalqımıza çatdırılacaq.
     Artıq oktyabr ayı bir zəfər ayıdır. Oktyabrın iyirmisi Zəngilanı azad etməklə həmin tarix də zəfər günlərindən birinə çevrildi. Artıq ağrılı günlər geridə qalır. İndi yeni tarix yazılır. Bu yeni möhtəşəm tarixi yazan ordumuza Allah yar olsun, güclü ordumuz müzəffər olsun, bu müqəddəs yolda Allah köməyimiz olsun. Cənab Ali Baş Komandanımız sağ olsun. Qubadlı, Xankəndi, Laçın, Kəlbəcər, Şuşanın qayıdış xəbərlərini yenə eyni sevinclə dəyərli Azərbaycan xalqına çatdırsın.
                                                                                    Yaqubova Günel