Zöhrab İsmayılov: "Kollektor agentliklərinin xidmətlərindən istifadə Azərbaycanda kredit faizlərinin yüksəlməsinə təsir edəcək"
Azərbaycanda kreditə olan tələbat artan xətt üzrə inkişaf etməkdədir. Xüsusən də istehlak kreditlərinə. Hazırda belə kreditlərin həcmi sürətlə artır. Buna paralel olaraq, banklarda problemli kreditlərin həcmi də artır. Bəzi ölkələrdə bu kreditlərin geri alınması məsələsi ilə xüsusi olaraq kollektor agentlikləri məşğul olurlar. Ölkəmizdə isə bu qəbildən olan agentlik fəaliyyət göstərsə də, bu, problemli kreditlər məsələsinin çözümünə tam imkan vermir. Bəzi ekspertlər belə agentliklərin sayının artırılmasını təklif edirlər. Ümumiyyətlə, Azərbaycanda problemli kreditlərin miqdarının hansı səbəbdən artması və bu problemin həlli üçün niyə kollektor agentliklərinin xidmətlərindən geniş istifadə olunmaması haqqında araşdırma apardıq.
Iqtisadçı-ekspert Zöhrab İsmayılov isə problemli kreditlərin yaranmasından hər bankın özünün məsuliyyət daşıdığını deyib: "Kredit verən bankla müştəri arasında müqavilə olur. Hər şeydən əvvəl, bu müqavilənin icrası vacibdir. Burada banklar diqqətli olmalıdır. Yəni, onlar zəmanət məsələsini, iş yerindən arayışı və s. ciddi yoxlamalıdırlar. Kimsə hansısa şirkətdən arayış alırsa, bu, kifayət deyil onlar üçün. Arayışın əvəzinə sosial müdafiə kartından da istifadə edə bilərlər. Yəni, bununla dəqiqləşdirə bilərlər ki, vətəndaş işləyir, yoxsa yox. O biri tərəfdən isə, banklar bu məlumatları vaxtaşırı olaraq yeniləməlidirlər. Yəni, tutaq ki, 1 illik kreditdirsə, gərək rübdə bir dəfə məlumat yenilənsin. Yoxlanılsın ki,bankdan kredit götürən vətəndaş əvvəlki iş yerindədirmi, ümumiyyətlə, işləyirmi, yoxsa yox. Bu, çox vacibdir ".
Ekspert kollektor agentliklərinin xidmətlərindən istifadənin Azərbaycanda kredit faizlərinin yüksəlməsinə təsir edəcəyini düşünür: "Problemin həllində hansısa başqa vasitəçi şirkətlər və s. o qədər də mühüm rol oynaya bilməyəcəklər. Əksinə, bu kreditlərin bahalaşmasına gətirib çıxaracaq. Bir də ki, çox təəssüf ki, banklar dövlət qurumlarında işləyənlərə üstünlük verirlər. Açıq da deyirlər ki, məsələn, biz yalnız dövlət qurumunda işləyənlərə, müəllimlərə, həkimlərə kredit veririk. Amma çox vaxt bu kreditləri də gecikdirən, onu problemli kreditə çevirən elə həmin zümrədir. Bəzən, hansısa özəl şirkətdə, ya müxtəlif özəl qurumlarda işləyən vətəndaşlara kredit verməkdən imtina edirlər. Halbuki, onlar dövlət sektorunda işləyənlərə nisbətən qat-qat çox maaş alırlar. Rəsmi maaşları dövlət qulluğunda işləyənlərdən 2-3 dəfə üstündür. Yəni bu məsələlərə önəm verilməlidir. Kredit sazişləri də individual olmalıdır. Hər bir vətəndaşa yönəlik fərqlər ola bilər. Digər tərəfdən, bankla müştəri arasında bağlanmış müqavilə özü reallığı əks etdirməlidir. Bundan sonra onun icrası asan olur. Banklar özləri bu məsələdə məsuliyyətli olmalıdırlar. Onlar daim müştərilərlə işləməlidirlər və kreditorun pulu qaytarıb-qaytarmamasından asılı olmayaraq məlumatlar 3 aydan bir yeniləməlidirlər ".